Şagirdlər "Son Zəng" günü sevinclərindən.... - SORĞU

Şagirdlər "Son Zəng" günü sevinclərindən.... - SORĞU

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. SİA olaraq Səbail rayon 7 və Nəsimi rayon 8 nömrəli tam orta məktəbin “Son Zəng” tədbirində iştirak edərək, məktəblərin müəllim, valideyn və şagird heyətinin fikirlərini öyrəndik.

Valideyn Gülşən Əliyeva: “Bir valideyn kimi “Son Zəng”i olan bütün məzunları təbrik edirəm. Məktəbdən çox razıyam. Digər qızım da böyük nailiyyətlərlə müəllimlərin sayəsində 5 il əvvəl bu məktəbdən məzun olub. Müəllimlər şagirdlərə çox böyük dəstəkdir və böyük əmək veriblər. Xadimədən tutmuş, direktora qədər bu məktəbin insanları çox yaxşı insanlardır. Yenə uşağım olsaydı, yenə bu məktəbdə təhsil alsın istəyərdim”.

 

Keçmiş məzun Fatimə Zəncani: “5 il öncə 8 Nömrəli tam orta məktəbdən məzun olmuşam. İndi də mənim kiçik bacım məzun olur. Sevincimin həddi-hüdudu yoxdur. Bu il pandemiya şəraitində olsa belə, “Son Zəng”in keçirilməsi həqiqətən də, bizi çox xoşbəxt etdi. Çünki, bu çox fərqli hislərdir. Valideynlər, müəllimlər və məzunlar sevincini bölüşürlər”.

 

8 saylı tam orta məktəbin direktor müavini Safura İbrahimli: “Bildiyimiz kimi, iki ildir pandemiya şəraiti ilə əlaqədar "Son Zəng" keçirilmirdi. Sevindirici haldır ki, son iki gün qalmış icazə verildi. Sevinirik ki, uşaqlarımızı sərbəst həyata yola salırıq və cəmiyyətə layiqli övladlar yetişdirmişik. Ümid edirəm ki, onlar həyatda uğur qazanacaqlar”.

 

Nəsimi rayonu 8 saylı tam orta məktəbin direktoru Aytən Baxışova: “Biz ilk növbədə ona görə çox şadıq ki, birinci ildir ki, bizim Qarabağla "Son əngimizdir. Biz bunu çoxdan gözləyirdik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu qalib gəldiyi üçün, bu günü sevinclə keçiririk”.

 

7 nömrəli məktəbin direktor müavini Elmira İbrahimova: “Bu gün nəhayət ki, məktəbin son günüdür. Adətən məktəbin son günü yüksək əhval-ruhiyyəli, əvvəlcədən hazırlanmış, çox böyük təntənə və valideynlərlə uşaqların sevinci ilə öz əksini tapan yığıncaq olurdu. Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, bizdə də pandemiya uşaqların "Son Zəng"ə əvvəlcədən tam şəkildə hazırlaşmasına imkan vermədi. Doğrudur, son anda qərar verilsə belə, uşaqların bir araya yığışmasına icazə verilib. Bu gün şagirdlərimizin bir qismi şənlik keçirir və əylənirlər. Müəllimlər və valideynlər də onları dəstəkləyirlər. Hesab edirəm ki, bugünkü gün bütün respublikada olduğu kimi bizim məktəbdə də öz müsbət təsirini əks etdirmiş oldu”.

 

Məzun Şahin İsmayılov: “7 nömrəli məktəbdə təhsil almağa 2010-cu ildən başladım. 11 ildir ki, bu məktəbdə oxuyuram. Üzərimizdə çox müəllimlərin əziyyəti olub. Bu məktəbdən çox şey öyrəndik. Ən əsası da “dostluq nədir?” onu bildik. Bütün müəllimlər haqlarını halal etsinlər. Düzdür, 2019-2020 əlimizdən çox şey aldı. Biz belə məzun olmağı gözləmirdik. Amma yenə də, 3 gün qalmış xəbər verilsə də, bir şey etmək oldu və bir araya yığışdıq”.

Məzun Elmir Şəmşiyev: “Gözlənilməz oldu. Bir anda qərar qəbul olunsa da, çox xoşbəxtəm. Dostlarımla çox əylənirik. Məktəbdə son günümüzdür. “Son Zəng” bitdikdən sonra sinif yoldaşlarımla restorana gedib əylənəcəyik”.

 

 

Valideyn Günay Həsənova: “Bu gün oğlum məktəbi bitirir. O qədər həyacanlıyam ki, hələ də onun məzun olmağına inana bilmirəm. Sanki, dünən birinci sinifə gedirdi. Yadıma düşdükcə kövrəlirəm. Həm gözəl, həm də kövrək hislərdir. Evdə də bu günlə bağlı yeməklər bişirib hazırlıq görmüşük. Oğlumun nənəsi, babası, xalası və doğmaları gəlib onu təbrik edəcək. Əslində mən bu günü tamam başqa cür təsəvvür edirdim. Amma yenə də pis deyil. Şükür bu günki günə”.

Məzun Məhəmməd Qurbanov: “Məktəb üçün çox darıxacağam. Bir neçə gün öncədən hər ehtimala qarşı “Son Zəng”ə hazırlaşırdıq. Ürəyimcə oldu. Bundan sonra bu günü yığıncaq kimi qeyd etmək istəyərdim”.

 

 

 

 

Məzun Melisa Həsənzadə: “Son zəng və müəlliməmizə təşəkkür etmək üçün mahnılar hazırlamışıq. Məktəbimizi yüksək şəkildə təmsil etmək istəyirik və səviyyəli şəkildə hazırlaşmışıq. Bunda sonra məzuniyyət tədbiri keçirtmək istəyirik. Karantinlə bağlı biraz gecikdiyinə görə, bu gün edə bilmirik. Lakin yenə də bu baş tutacaq. Ümumilikdə isə, daha böyük gözləntilərim var idi”.

Mənbə: sia.az