“Şəhid olan qardaş və bacılarımızın qisasını yağılardan aldıq”

“Şəhid olan qardaş və bacılarımızın qisasını yağılardan aldıq”

"N" hərbi hissəsində igid oğullarımızla həmsöhbət oluruq. Onların hər sözündən Vətənimizə, xalqımıza nə qədər bağlı olduqları duyulur. Öyrənirik ki, əsgərlərimiz komandirlərinin öyrətdikləri hərbi bilikləri dərindən mənimsəyir, xidmətlərini günün nizam qaydalarına uyğun olaraq təşkil edirlər. "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istəyimizi bildirdikdə zabit Bahadur Fərzəliyev tabeliyində olanların hər birinin nümunəvi xidmət etdiklərini dedi. Ancaq əsgər Elvin Ağazadənin adını xüsusi vurğulayan zabit onun xidmətə gəldiyi ilk gündən fəallığı ilə seçildiyini qeyd etdi. "Əsgər Elvin Ağazadə xidmətə başladığı gündən hərbi intizamı, cəsarəti, verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiq yerinə yetirməsi ilə əsgər yoldaşlarına nümunədir. Elvin Ağazadə ona təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərini bilir və ondan düzgün şəkildə atışlar aparır. O, həm komandir heyətinin rəğbətini, həm də əsgər yoldaşlarının hörmətini qazanıb".

Zabit Bahadur Fərzəliyev əsgər Elvin Ağazadənin 2020-ci ilin Tovuz döyüşlərində iştirak etdiyini də bildirdi. "Ötən ilin iyulunda mənfur düşmən dövlət sərhədimizi pozmağa cəhd göstərdi. Qəhrəman Azərbaycan əsgəri düşmənin pis niyyətinin qarşısını vaxtında alaraq ona sarsıdıcı zərbələr endirdi. Bölmədə olan digər əsgərlər kimi, əsgər Elvin Ağazadə də düşmən təxribatının qarşısını layiqincə alanların sırasında idi".

Vətənimizə vicdanla xidmət etməyi özünə mənəvi borc bilən əsgər Elvin Ağazadə ilə həmsöhbət olduq. Üzərinə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşən hərbi qulluqçumuz ilk döyüş növbətçiliyindən söz açaraq bildirdi ki, həmin gün heç vaxt onun yadından çıxmayacaq. "Mən də Vətənimizin keşiyində dayananların sıralarında olduğumdan qürur hissi keçirirdim. Mənə həvalə olunan döyüş mövqeyindən düşməni müşahidə edirdim. Dərk edirdim ki, qarşımızda dayanan düşmən hiyləgər və fitnəkardır".

"Yalnız bir amal uğrunda xidmət edirik - Vətən torpaqlarını düşməndən qorumaq", - deyə əsgər Elvin Ağazadə söhbətinə davam etdi. - Vətənə məhəbbət hissi insanın daxilindən gəlir. Hər bir valideyn uşaq vaxtlarından övladına Vətənin müqəddəs olduğunu öyrədir. Bu müqəddəs sevgi ordu sıralarında daha da qüvvətlənir. Elə bu hiss sayəsində sentyabrın 27-dən başlayan Vətən müharibəsində düşməni döyüş meydanında məğlub etdik. Ordumuzun nəyə qadir olduğunu bir daha bütün dünyaya nümayiş etdirdik. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qardaş və bacılarımızın qisasını yağılardan aldıq. İllərdir öz ata-baba yurdundan didərgin düşən soydaşlarımızın torpaq həsrətinə 44 gün davam edən döyüşlərlə son qoyduq. Müharibənin bitməsinə baxmayaraq, hər birimiz torpaqlarımızın müdafiəsində şəxsi məsuliyyət daşıdığımızı dərk edirik.

Dövlət başçısı və ordu rəhbərliyinin şəxsi heyətə göstərdiyi diqqət və qayğıdan fərəhlənən əsgərimiz xidmət etdiyi bölmənin çətin dağlıq şəraitdə yerləşməsinə baxmayaraq hər cür sosial-məişət şəraitilə təmin olunduqlarını bildirdi. "Gördüyünüz kimi, bölməmiz ucqar zirvədə yerləşir. Buna baxmayaraq, burada yaradılan şərait ürəkaçandır. Əsgər yataqxanamız, yeməkxanamız və digər xidməti otaqlarımız yüksək səviyyədə təmir olunaraq bizim istifadəmizə verilib. Komandirlərimiz istirahətimizə xüsusi diqqət ayırırlar. Biz də öz növbəmizdə nümunəvi xidmət etməyimizlə göstərilən etimadı doğrultmağa çalışırıq".

Elçin İmanov "Azərbaycan Ordusu"

 

Mənbə: ordu.az