Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə tədbirlər keçiriləcək

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə tədbirlər keçiriləcək

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun göstərişinə əsasən, bir sıra tədbirlər keçiriləcək.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində müvafiq mətnli SMS bildirişin mobil rabitə operatorları vasitəsilə abunəçilərə göndərilməsi, ali və orta ixtisas təhsili müəssisələrində vebinarların təşkil edilməsi, “Narkomanlığa birlikdə yox deyək!” şüarının elektron informasiya terminallarında və avtobuslardakı monitorlarda nümayişi, sosial çarxların elektron reklam lövhələrində, metronun stansiyalarında və o cümlədən televiziya kanallarında nümayiş etdirilməsi nəzərdə tutulur. Bundan başqa, şəhər və rayon komissiyaları tərəfindən vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi ilə videokonfrans şəklində maarifləndirici tədbirlərin keçirilməsi də planlaşdırılır.

Mənbə: azertag.az