Kinoteatrlar hansı formada fəaliyyət göstərəcək?

Kinoteatrlar hansı formada fəaliyyət göstərəcək?

Bir müddət əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə bəzi sahələrə tətbiq olunan sərt qadağaların yumşaldılması haqqında qərar qəbul edib. Məscidlər, iri ticarət mərkəzləri və idman zalları müəyyən qaydalar çərçivəsində iş prinsipini bərpa etdi.

BAKU.WS xəbər verir ki, artıq ölkədə bəzi sahələr öz fəaliyyətinə davam etsə də, kinoteatrlar və kinozalları hələ də bağlıdır. Bəs kionteatrların açılmasına icazə verilərsə, onlar hansı qayda ilə işləyəcəklər?

Məsələ ilə bağlı BAKU.WS-ə danışan kinoteatrlardan birinin ictimai əlaqələr departamentinin rəhbəri Nərmin Həsənova, pandemiya şəraiti ilə əlaqədar sosial məsafə gözlənildiyindən tamaşaçıların zallarda şahmat formasında əyləşəcəyini bildirib:

“Biz kinoteatrlar şəbəkəsi olaraq bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargahdan gözləyirik. İcazə verilən kimi kionteatrlarımızın qapılarını tamaşaçıların üzünə açacağıq.

Biz kinosevərləri qəbul etməyə hazırıq. Müəyyən izolyasiya qaydalarına əməl olunmaqla tamaşaçılar şahmat formasında əyləşəcək. Bütün zallarda dezinfeksiya işləri görüləcək. Karantin başlamazdan əvvəl nümayiş olunan filmlər yenidən göstəriləcək.

Bundan əlavə biz kinostudiyalarla əlaqə saxlayacağıq. Yerli və xarici ekran işlərini ilə kinosevərlərin zövqünü oxşamağa çalışacağıq”.

Digər kinoteatrın direktor müavini Arzu Əhədova isə BAKU.WS-ə müsahibəsində zallarda təmizlik və dezinfeksiya işlərinin görüldüyünü deyib:

“Ümid edirik ki, yaxın zamanlarda kionteatrımız fəaliyyətini bərpa edər. Biz də yavaş-yavaş kinozalları təmizlətməyə başlamışıq. Bildiyiniz kimi artıq 1 ildən çoxdur kinoteatrlar işləmir.

Lakin açılarsa biz müəyyən karantin qaydalarına əməl etmək şərtilə fəlaiyyətimizə davam edəcəyik.

Tamaşaçılar arasında sosial məsafə gözləniləcək və onlar bir-birlərindən müəyyən məsafədə əyləşəcəklər.

Lakin biz çalışacağıq ki, yeni xarici filmlərimiz olsun. Onlar arasında yerli ekran işlərinə də yer verəcəyik. Çünki kinoteatrlarda hər zaman yeni filmlər olmalıdır ki, ora tamaşaçı axını olsun”.

Kinoteatrlar insanların mədəni istirahətini təşkil etmək üçün seçdiyi önəmli əyləncə vasitələrindən biridir. Ümid edirik ki, növbəti yumşaldılmlar kino sahəsinə də aid edilər və insanlar yenidən kinoteatrlara axın edər.

Mənbə: baku.ws