Milli Qurtuluş Günü münasibətilə Qars və Ərzurum şəhərlərində də tədbirlər keçirilib

Milli Qurtuluş Günü münasibətilə Qars və Ərzurum şəhərlərində də tədbirlər keçirilib

Ankara, 17 iyun, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Türkiyənin Qars və Ərzurum şəhərlərində ehtiramla yad edilib.

Azərbaycanın Qarsdakı Baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndərimizin Qarsdakı Heydər Əliyev Parkında ucalan heykəli önünə tər çiçəklər düzülüb, xatirəsinə ehtiram göstərilib.

Bundan başqa Baş konsul Nuru Quliyev və Ərzurum Böyükşəhər bələdiyyəsinin sədri Məhmət Səkmən Ərzurumda keçirilən Kitab günündəki imza mərasimlərində iştirak ediblər.

Azərbaycan vətəndaşlarının da qatıldığı tədbirdə çıxış edən Baş konsul Nuru Quliyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçılara müfəssəl məlumat verib.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışan Baş konsul bildirib ki, son 28 ildə milli təqvimimizə önəmli gün kimi daxil olan Milli Qurtuluş Günü bu il xüsusi bir bayram ovqatı ilə qeyd olunur. Şanlı Zəfərin bizlərə bəxş etdiyi bu hisslər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, eləcə də qədim mədəniyyət mərkəzi olan Şuşaya səfəri ilə daha da yüksəlib.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin hazırkı vəziyyətini yüksək dəyərləndirən Ərzurum Böyükşəhər bələdiyyəsinin sədri Məhmət Səkmən əminliklə ifadə edib ki, dəyərlər və milli maraqlar hər iki xalqın və ölkənin ortaq sərvətidir. Böyük dövlət xadimi Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsi münasibətlərimizin hazırkı səviyyəsini nəzəri və praktiki anlamda ehtiva edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Mənbə: azertag.az