Bu hallar ictimai qınaq obyektinə çevrilmir – Aynur Sofiyeva erkən nikahlardan danışdı

Bu hallar ictimai qınaq obyektinə çevrilmir – Aynur Sofiyeva erkən nikahlardan danışdı

Budəfəki mövzumuz erkən nikahlardır. Son dönəmlər erkən nikahlar, eləcə də cinsi zorakılıqla bağlı əyalətlərdən həyəcanlı xəbərlər gəlir. Qadınlara qarşı şiddətin daha da artdığı müşahidə olunur. Doğrudur, paytaxtda da bu istiqamətdə ürəkaçan mənzərə müşahidə edilmir. Ancaq əyalətlərdə vəziyyətin daha dramatik olduğu göz önündədir.

Həmsöhbətimiz isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur xanım Sofiyevadır.

Komitə sədrinin müavini Publika.az-a müsahibəsində bu istiqamətdə təmsil etdiyi qurumun gördüyü işlərdən danışıb:

- Aynur xanım, erkən nikahlar və azyaşlıların cinsi təcavüzə məruz qalması ilə bağlı son günlər əyalətlərdən həyəcanlı xəbərlər gəlir. Bu cür halların qarşısının alınması üçün Komitə tərəfindən hansı addımlar atılır?

- Müasir dünyada qloballaşma şəraitində baş verən proseslər digər ölkələrdə olduğu kimi Azərbaycana da öz təsirini göstərməkdədir. Məhz buna görə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə institutunun daha da möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi çox vacibdir. Bu gün bizi narahat edən problemlərdəm biri də məhz erkən nikah və qohumlar arasında bağlanan nikahlardı. Erkən nikah hallarının baş verməsi qızların təhsildən yayınması, bir çox hallarda ailələrdə münaqişələrə, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Qeyd edim ki, Ailə Məcəlləsinə dəyişiklik edilərək nikah yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq, azaldıla bilər. Eyni zamanda, nikah yaşına çatmayan şəxs nikaha məcbur edildikdə üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir, çap materialları, hazırlanaraq, əhali arasında yayımlanır, sosial çarxlar hazırlanır və Komitənin rəsmi saytına və facebook səhifəsində yerləşdirilir, elektron posterlər hazırlanaraq ictimai nəqliyyatda və insanların kütləvi toplaşdığı məkanlarda nümayiş etdirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib.

- Bəs bu sənəd başqa qurumlarla razılaşdırılıbmı?

- Sənədin layihəsi Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla hazırlanıb. Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları müəyyən edilib. İlk dəfə olaraq məhz bu sənəddə “erkən nikah”, “qohumlar arasında nikah” və “erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” anlayışlarının izahı verilib. Qaydada erkən nikah - 18 yaşadək şəxslə bağlanmış nikah hesab edilir. Qohumlar arasında nikah dedikdə isə baba və ya nənəsi ümumi olan şəxslər arasında bağlanmış nikah nəzərdə tutulur. Qaydanın 1.2-ci bəndində gənclər arasında maarifləndirmə sahəsində tədbirləri həyata keçirən dövlət qurumların siyahısı və onların vəzifələri da açıqlanır. Onu da deyim ki, təsdiq edilmiş Qərarın 2-ci hissəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 18 yaşadək erkən nikah və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər arasında bağlanmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Qurumlararası əlaqələndirmənin operativliyini və effektivliyinin təmin edilməsi məqsədilə Qaydada qeyd olunan dövlət qurumlarını təmsil edən məsul şəxslər təyin olunub.

- Bu istiqamət üzrə ilkin hesabat hazırdırmı?

- Bəli, 2021-ci ilin yanvar ayında Qaydanın müvafiq bəndlərinin icrası istiqamətində Komitə tərəfindən ilkin hesabat hazırlanıb. Komitənin rəsmi saytında dərc edilmiş və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilib. Hesabatda aidiyyəti qurumların 2020-ci ilin iyul-dekabr ayları ərzində üzərinə düşən vəzifələrin icrası ilə bağlı məlumatlar öz əksini tapıb. Hesabata əsasən, Dövlət Komitəsi, eləcə də nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri Qaydada qeyd olunan digər aidiyyəti qurumlar, o cümlədən, yerli icra hakimiyyətləri tərəfindən beynəlxalq təşkilatlar, qeyri-hökuməttəşkilatları, yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq çərçivəsində yeniyetmə (9-11-ci siniflər-red.) və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünya görüşünün genişləndirilməsinə, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirilib. Maarifləndirici və metodoloji vəsaitlər dərc edilib. Sosial reklamlar və çarxlar hazırlanaraq yayılmış və digər bu kimi tədbirlər həyata keçirilmişdir. Yerli icra hakimiyyətləri tərəfindən belə halların qarşısının alınması istiqamətində ailələrlə görüşlər keçirilib, müvafiq tədbirlər görülüb. Eyni zamanda, hazırda Komitə tərəfindən erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair araşdırmalar aparılır, təhlillər hazırlanır.

- Aynur xanım, erkən nikahların qarşısının alınması istiqamətində medianın üzərinə hansı yük düşür?

- Erkən nikahların qarşısının alınması istiqamətində dövlət qurumları ilə yanaşı ailələrin, cəmiyyətin hər bir fərdinin, o cümlədən media institutunun əlaqəli şəkildə işləməsi, məsələyə həssas yanaşması mühüm rol oynayır. Bir məqam diqqət çəkir: belə faktların mediada yayılması, geniş müzakirə obyektinə çevrilməsi ictimai qınaq formalaşdırır. Artıq insanlar bu halların qınanacağından ehtiyat etməyə başlayırlar. Son bir il ərzində baş verən erkən evlilik halları buna nümunə ola bilər. Xatırlayarsınızsa, həmin hadisələr necə müzakirə və ajiotaja səbəb olmuşdu. Bu baxımdan medianın rolu danılmazdır. Amma medianın diqqət etməli olduğu vacib məqamlardan biri də odur ki, uşaqlar barədə məlumatların, şəkillərin və sair detallı informasiyaların KİV-də yayımlanması tövsiyə olunmur. Bildiyiniz kimi, 18 yaşadək hər kəs uşaq sayılır və bu məsələlər Uşaq Hüquqları haqqında Qanun, o cümlədən BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası ilə tənzimlənir. Odur ki, mediada uşaqlarla bağlı yayılan istənilən informasiyanın işıqlandırılmasına xüsusi həssaslıqla yanaşılmalı, bu məsələlər daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki internet resursları, KİV həm də təbliğat vasitəsidir. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, yanlış olaraq ötürülən bir informasiya bir uşağın həyatına mənfi təsir edə bilər.

- Erkən nikahlarla bağlı ən böyük problemlər nələrdir?

- Erkən nikah halları ilə bağlı yaşanan ən böyük problem ondan ibarətdir ki, yerlərdə belə hadisələr baş verərkən yaxınlar, dost və qohumlar tərəfindən reaksiya verilmir. Belə hallar ictimai qınaq obyektinə çevrilmir. Təhsildən yayınma, məişət zorakılığı, bir sıra psixoloji və sağlamlıq problemlərinə səbəb olduğunu əsas götürərək qeyd edə bilərik ki, erkən nikahlarla mübarizə dövlət qurumları, din xadimləri, mütəxəssislər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə yanaşı, vətəndaş cəmiyyəti qarşısında da bir sıra vəzifələr qoyur. Yalnız birgə fəaliyyətlə bu problemlərin qarşısını almaq mümkündür. Bu məsələnin həllində icma, məktəb, aidiyyəti qurumlarla yanaşı ağsaqqallar və ağbirçəklərimizin də iştirakı mütləqdir. Komitə mütəmadi olaraq həyata keçirdiyi tədbirlərdə ağsaqqallar və ağbirçəklərimizin iştirakını təmin edir və digər qurumlar tərəfindən bu istiqamətdə görülən işlərdə onların da cəlb edilməsini tövsiyə edir.

Tural Turan

Mənbə: publika.az