Ağcabədidə anadangəlmə əlilliyi olan şəxsin sosial müavinəti kəsilib - VİDEO

Ağcabədidə anadangəlmə əlilliyi olan şəxsin sosial müavinəti kəsilib - VİDEO

Ağcabədidə anadangəlmə fiziki məhdudiyyətli şəxsin müavinəti beş aydır dayandırılıb. Ailə üzvləri dəfələrlə aidiyyəti dövlət orqanına müraciət etsələr də, nəticə yoxdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Nərminə Hacıyeva anadangəlmə fiziki məhdudiyyətli doğulub.

Onun atası Xanbala Hacıyev deyir ki, qızının illərdir, aşağı ətrafında qısalma müşahidə edilir. Əl və ayaq barmaqlarında bitişmə olan qız müalicəsi mümkün olmayan xəstəliklərdən əziyyət çəkir. 26 yaşlı Nərminə Hacıyeva illərdir ki, aldığı müavinətə bir neçə aydır həsrət qalıb. Ailə iddia edir ki, aidiyyəti qurum heç bir səbəb göstərmədən gənc qızın sosial müavinətini dayandırıb.

Nərminə Hacıyeva 20 ildən çoxdur ki, ayda 130 manat müavinət alır, amma 5 aydır, bilinməyən səbəbdən bu pul onlara verilmir.

İkinci qrup əlillik təyin edilən Nərminənin təkrar müayinəsi üçün bütün müvafiq sənədlər toplanaraq, yenidən, həm də bir neçə dəfə Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib, lakin nəticə olmayıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, Hacıyeva Nərminə Xanbala qızına məxsus Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilən "forma- 88" çox səthi və keyfiyyətsiz tərtib edilib. Göndərişdə əsas diaqnoz "aşağı ətrafın dəqiqləşdirilməmiş anadangəlmə anomaliyası" qeyd edilsə də, anomaliyanın nə olması, funksional pozğunluğu barədə heç bir məlumat verilmir. Həmin məlumatlar Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı üçün əsas və əhəmiyyətli məlumatlardır və məhz bu çatışmazlıqlara görə göndəriş səhiyyə müəssisəsinə geri göndərilib. Buna baxmayaraq, Nərminə Hacıyeva Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə ediləcək və onun əlillik vəziyyəti ilə bağlı müvafiq qərar veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Mənbə: news.milli.az