Sosial müdafiəyə ehtiyacı olan qadınların peşə ixtisası üzrə bilikləri qiymətləndirilib

Sosial müdafiəyə ehtiyacı olan qadınların peşə ixtisası üzrə bilikləri qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan qadınların qənnadçı-şirniyyatçı peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması məqsədilə test imtahanı təşkil olunub.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, təşəbbüsün əsas məqsədi müxtəlif səbəblərdən formal təhsil ala bilməyən sosial müdafiəyə ehtiyacı olan şəxsləri qeyri-formal və ya informal təhsil yolu ilə əldə etdikləri bilik, bacarıq, təcrübə və səriştələrinin tanınması ilə məşğulluq fəaliyyətinə təşviq etmək və bununla da onların maddi cəhətdən azadlığını təmin etməkdir.

Təşkil olunan imtahanda Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş müvafiq Qaydaya uyğun olaraq, əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunub, habelə görmə məhdudiyyətli ərizəçilər üçün müşayiətçilər təyin edilib.

İlkin mərhələdə yüksək nəticə göstərən 13 ərizəçi bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində (praktiki imtahanda) iştirak etmək hüququ əldə edib. Növbəti praktiki imtahandan uğurlu nəticə əldə edəcək ərizəçilərə peşə ixtisası üzrə diplom və sertifikatlar təqdim olunacaq.

Mənbə: azertag.az