BMT: Bu ölkələrdə insan hüquqları pozulur

BMT: Bu ölkələrdə insan hüquqları pozulur

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet, qlobal səviyyədə insan hüquqları sahəsində yaranan geriləməyə diqqət çəkərək, Efiopiya, Rusiya və Çin mövzusunda xəbərdarlıq edib.

Cebhe.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 47-ci iclasının açılışında çıxış edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet, dünyanın bir çox yerində insan hüquqlarının pozulduğuna diqqət çəkib.

Çin, Rusiya və Efiopiyadakı pozuntuları vurğulayan Bachelet, insan haqlarındakı qlobal azalmanı dayandırmaq üçün "ortaq hərəkətə" çağırıb. Bachelet, insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün "yeni həyatı dəyişdirən baxışlara və birgə fəaliyyətə" ehtiyac olduğunu söyləyib.

O, "Həddindən artıq yoxsulluq, bərabərsizlik və ədalətsizlik artır. Demokratik və vətəndaş məkanı aşınır" deyib.

Efiopiya, Rusiya və Çinə dair xəbərdarlıq Efiopiyanın Tiqray bölgəsindəki qarşıdurmalardan narahat olduğunu bildirən Bachelet, bölgədə təxminən 350 min insanın aclıqla üzləşdiyini qeyd edib.

O, bölgədə "məhkəmədənkənar qətllər, həbslər, uşaqlara və cinsi zorakılıq və məcburi köçkünlük" olduğunu qeyd edib.

Efiopiyanın Tiqray vilayətindəki 2020-ci ilin noyabrında Əddis Əbəbə hökumətinin üsyançı Tiqray Xalq Qurtuluş Cəbhəsi qüvvələrinə qarşı başlatdığı hərbi əməliyyat bölgədə şiddətin artmasına səbəb olub.

Rusiya hökumətini "mülki və siyasi hüquqları" qorumağa çağıran BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı sentyabr ayında keçiriləcək parlament seçkiləri öncəsi müxalifətə təzyiq göstərəcək yeni qaydalardan narahat olduğunu bildirib.

Çıxışında Bachelet Çindəki Uyğur azlıqların vəziyyəti ilə əlaqədar yerində araşdırmalar aparmaq üçün Çinin Sincan bölgəsinə getmək istədiyini bildirib. Bu il Sincana getməyə ümid etdiyini dilə gətirən BMT rəsmisi, bölgəyə "ciddi insan haqları pozuntularının olduğu xəbərlərinin gəldiyi bir zamanda" icazə verilməsinə ümid etdiyini söyləyib.

Bachelet, bu mövzuda Çin səlahiyyətliləri ilə razılığa gələcəyinə ümid etdiyini deyib. Aparıcı insan haqları təşkilatları Çin hökumətinin müsəlman azlıq olan uyğurları insan haqları pozuntularına məruz qoyduğunu bildirir. Ən son, Beynəlxalq Amnistiya Təşkilatının keçən həftə yayımladığı bir hesabatda, Çinin Sincan əyalətindəki müsəlman azlıqlara qarşı tətbiq olunan sistematik şiddəti vurğulayaraq, uyğurlar, qazaxlar və əksəriyyəti müsəlman olan etnik azlıqların dövlətin əli ilə həyata keçirilən sistematik kütləvi həbslər, işgəncə və zülmə məruz qaldığını vurğulayıb.

“Human Rights Watch” və Stanford Universiteti Hüquq Fakültəsinin apardığı ortaq araşdırmanın aprel ayında yayımlanan hesabatında, Çinin Sincan Muxtar Bölgəsindəki uyğurlara və digər müsəlmanlara qarşı davranışının insanlığa qarşı cinayət olduğu qeyd edilib.

Hesabat Çin hökumətini insan öldürmək, işgəncə verilməsi, tutulması, fərdi azadlıqdan məhrum edilməsi, cinsi zorakılıq, fiziki və psixoloji işgəncə, müəyyən etnik/dini azlıqlara işgəncə verilməsi və zorla itkin düşməsi kimi Beynəlxalq Cəza Məhkəməsinin Roma Əsasnaməsinin 7-ci maddəsində göstərilən demək olar ki, bütün cinayətlərdən məsul hesab edib.

Çin rəhbərliyi isə uzun müddətdir ki, göstərilən ittihamları rədd edir və tətbiqlərini ekstremistlər üçün təlim və iş proqramı kimi müdafiə edir.

Nigar

Mənbə: cebhe.info