Hərbi Prokurorluqda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib

Hərbi Prokurorluqda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə iyunun 22-də Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək mərasim iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib. Hərbi prokuror qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən Yer Kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir. Hərbi prokuror Xanlar Vəliyev, həmçinin bildirib ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və ardıcıl uğurlar qazanmasında, eləcə də beynəlxalq əlaqələrinin genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyil ki, ötən illərdə olduğu kimi, “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb. Bütün bunlar hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin sentyabrın 27-dən başlayaraq törətdiyi növbəti təxribatların qarşısının alınması zamanı gedən döyüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin edib.

Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən Hərbi Prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışıb, qazanılan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın tarixinə ən uğurlu il kimi düşən 2020-ci ildə müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin tarixi ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Vətən müharibəsindəki misilsiz qələbəmiz dövlətimizin başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, müxtəlif növ dövlət təminatı göstərilib. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələri üçün verilən prezident təqaüdünün artırılması məqsədi ilə qısa zaman ərzində ölkə rəhbərinin ardıcıl bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olub. Təsadüfi deyil ki, dövlətimizin başçısının 2018-ci ildə prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür.

Xanlar Vəliyev vurğulayıb ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir və bundan sonra da iştirak edəcəklər.

Sonra Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak edən və xidməti vəzifələrini layiqincə yerinə yetirən şəxslərə dərin təşəkkürünü bildirərək qeyd edib ki, Vətən müharibəsi iştirakçılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyyatda olan polkovnik Abdulla Qurbani Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edib. O, Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun kollektivinə dərin minnətdarlığını bildirib.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim olunub.

Vətən müharibəsi iştirakçıları isə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra çay süfrəsi ətrafında səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.

Mənbə: azertag.az