Şəhid oldu, adını özündən sonra doğulan körpəsinə qoydular - FOTOLAR

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən, 10 hərbi qulluqçumuz hazırda itkin düşmüş sayılır.


Şəhidlərimizin arasında ata olanları və ata olacağını bilənlər var idi. Ata olacaqlarını bilsələr də, o hissi yaşamadan vətən uğrunda canlarını verib şəhadətə qovuşdular.


Övladının üzünü görmədən bu dünyadan köçən şəhidlərimizdən biri də Mikayıl Mikayılzadədir.


Arayış: Mikayıl Mikayılzadə 1992-ci il yanvarın 4-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan Mikayıl Mikayılzadə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayılzadə noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.


Şəhidin xanımı Səmayə Mikayılzadə həyat yoldaşı barədə Modern.az-a danışıb.


“Daxili Qoşunların kiçik çavuşu idi. Bir an belə canını düşünmədən könüllü döyüşə yollandı. Xocavənd, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. 7 noyabr tarixində Şuşada gedən döyüşlər zamanı yaralı olan yoldaşlarını və komandirini meydandan çıxarıb. Sonuncu dəfə 1 döyüş yoldaşını atəş altından çıxarmaq üçün geri dönüb və bu vaxt top mərmisi Mikayılın yanına düşüb.
Şuşanın Daşaltı kəndində, qələbəyə bir gün qalmış şəhid oldu. 7 il işini sevərək xidmət etdi”.


Səmayə xanım deyir ki, sevgilərinin meyvəsini birlikdə qucaqlarına ala bilmədilər:


“Mikayılla bir-birimizi çox sevirdik. Elçi gəldilər, amma ailəm məni Mikayıla vermədi. Biz də qərar verdik ki, qoşulub qaçaq. Elə də etdik. Daha sonra 2020-ci il fevralın 2-də toyumuz oldu. Cəmi 10 ay evli olduq. Övladımızın olacağını bilirdi, Mikayıl döyüşə gedəndə körpəmiz bətnimdə 7 aylıq idi. Oğlumuzun olacağını biləndə isə “adını Uğur qoyacam” demişdi. Heyif oğlunu görmək ona qismət olmadı.
Körpə doğulanda ona atasının adını qoyduq – Mikayıl. Ancaq ailə daxilində uşağı Uğur deyə çağırırıq. Çünki atasının Uğuru, bizim Mikayılımızdır. Çox xoşbəxt ailəmiz var idi. Təəssüf ki, bu xoşbəxtlik uzun sürmədi.
Övladımızın doğulacağı günü səbirsizliklə gözləyirdik. Sevgimzin meyvəsini birlikdə qucağımıza almaq bizə qismət olmadı.
Mikayıl doğulmamış körpəsini vətənə, torpağa dəyişdi və canından, qanından keçib şəhid oldu. Mən qürur duyuram ki, həyat yoldaşım vətənə bu qədər bağlı olub”.


Humay İsgəndərova

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb

SONRAKI XƏBƏR

Xarici işçilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri – Reytinq