Vətəndaşlara vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə sosial xidmətlər göstəriləcək

Vətəndaşlara vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə sosial xidmətlər göstəriləcək

Vətəndaşlara vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə sosial xidmətlər göstəriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qurumun tabeliyindəki Sosial Xidmətlər Agentliyi və UNICEF-in Azərbaycan Nümayəndəliyinin pilot mərhələdə birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli”nin ölkə üzrə geniş tətbiqinə başlanacaq.

İnteqrasiya olunmuş sosial xidmətlər dedikdə, vətəndaşlara ehtiyaclarına uyğun olduğu halda vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə (psixoloji, pedaqoji, sosial işçi xidmətləri, hüquqi xidmətlər və s.) və aidiyyəti dövlət qurumları və qeyri hökumət təşkilatları ilə koordinasiya olunmuş şəkildə operativ sosial xidmətlər göstərilməsi nəzərdə tutulur.

UNICEF-in Azərbaycan Nümayəndəliyi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həmin model üzrə icra olunmuş pilot layihənin müstəqil ekspert tərəfindən qiymətləndirməsini həyata keçirib. Qiymətləndirmənin nəticəsi olaraq müvafiq tövsiyələr hazırlanıb və nəticələrin təqdimatı, eləcə də tövsiyələrin müzakirəsi məqsədilə onlayn görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin, UNICEF və Aİ-nin Azərbaycan nümayəndəliklərinin təmsil olunduğu görüşdə pilot layihənin effektiv olduğu vurğulanıb. “İnteqrasiya olunmuş sosial xidmətlər modeli”nin ölkə üzrə geniş tətbiq edilməsinə başlanacağı qeyd edilib. Bununla layihə daha yüksək və peşəkar standartlara cavab verən sosial xidmətlərin ardıcıl göstərilməsini təmin etməklə, həssas qruplara aid daha çox uşağı və valideyni əhatə edə biləcək.

Mənbə: www.oxu.az