"Şagirdlər dərsliklərlə bağlı nə təklif verə bilər ki?.."

"Şagirdlər dərsliklərlə bağlı nə təklif verə bilər ki?.."

Ekspert Təhsil Nazirliyinin yeniliyini absurd adlandırdı

Təhsil Nazirliyi 2022-2023-cü tədris ilində orta məktəblərin III, VII və X sinifləri üçün dərslikləri təkmilləşdirmək niyyətindədir. Bu məqsədlə həmin dərsliklərdən istifadə edən şagirdlərin fikirləri öyrənilır. Bu barədə Təhsil Nazirliyindən xəbər verirlər.

 

Artıq “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib. Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür.

Təhsil Nazirliyi ilk dəfədir belə sorğu keçirir və şagirdləri fəal olmağa dəvət edir.

Orta məktəb müəllimləri dərsliklərdə qarşılaşdıqları müxtəlif xarakterli səhvləri vaxtaşırı sosial şəbəkələrdə paylaşırlar. Bəzi təhsil ekspertləri də Azərbaycanda hazırlanan dərsliklərin keyfiyyəti və orda rastlanan məntiq xətaları ilə bağlı tənqidlər səsləndirirlər.

Təklif də yaxşıdır, dəvət də. Lakin şagirdlər belə bir sorğuda iştirak edəcəkmi?

 

Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında nəinki III, VII sinif, hətta X sinid şagirdlərinin, ümumiyyətlə, hər hansı şagirdin belə bir sorğuda iştirakı gözləməyin absurd olduğunu bildirdi:

- Bu, absurd bir təklifdir. 3-cü sinif şagirdi nə təklif irəli sürə bilər?! Yaxud 5-ci sinif, 10-cu sinif şagirdi?! Mən düşünürəm ki, bəlkə bu məlumatda nəsə bir yanlışlıq var. Təhsil Nazirliyi bu informasiyanı necə yaya bilər, şagirdlərdən təklif səsləndirəcəklərini, “Virtual məktəb” platformasına daxil olub sorğuda iştirak edəcəklərini necə, hansı əsaslarla gözləyə bilər? Təəccüb edirəm. Onlayn tədrisin davam etdiyi təxminən 1 il yarım müddətdə məktəblilər “Virtual məktəb” layihəsindən normal istifadə edə bilmədilər.

Nə tədris prosesində, nə də milli qiymətləndirmə zamanı. Şagirdlər təbii ki, bu sorğuda iştirak etməyəcək. Etsələr də ancaq müəllimlərdən istifadə edəcəklər. Müəllim təklif verəcək, şagird də guya öz fikri kimi qeyd edəcək. Bu, formal xarakter daşıyan bir layihədir.

Dərsliklərlə bağlı mütəxəssislərin fikirləri öyrənilməli, təklifi nəzərə alınmalıdır. İndiyədək kimin təklifi, rəyi nəzərə alınıb ki! Təklif istəyirlərsə, məktəb kollektivləri arasında, konkret fənn müəllimlərinin fikirlərini öyrənsinlər, təkliflərinə baxsınlar. Yoxsa ki, şagirdlər sorğuda iştirak etsin və təklif versin, bu, absurddur.

 

Yaxşı olardı ki, nazirlik hər məsələyə yalnız Bakı – paytaxt üzərindən baxmasın. Regionlardakı vəziyyəti də nəzərə alsın.

Mənbə: sherg.az