Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək

Azərbaycan Respublikasında miqrasiya siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, miqrasiya idarəçiliyinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, eləcə də miqrasiya proseslərinin inkişafa müsbət təsirinin daha da artırılması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, bu silsilədən olan tədbirlərdən biri kimi miqrasiya idarəçiliyinin ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təsirini təhlil etmək və bu təhlil əsasında təkmilləşdirmələr aparmaq məqsədilə həmin kateqoriyadan olan şəxslər arasında anonim sorğuların keçirilməsi nəzərdə tutulur. Sorğu vərəqələri Azərbaycan, ingilis və rus dillərində hazırlanıb.

Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya siyasətinin və idarəçiliyinin təkmilləşdirilməsinə töhfə vermək istəyən əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri sorğularda onlara münasib dillərdən birini seçməklə iştiraka dəvət edib.

Mənbə: azertag.az