Bu şəxslərə karantin tətbiq edilsin - Həkim

Bu şəxslərə karantin tətbiq edilsin - Həkim

Son aylar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayında ciddi azalmanın və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsinin şahidi oluruq. Mövcud vəziyyətin qorunub saxlanması üçün insanlar Operativ Qərargahın tövsiyələrinə və verdiyi qərarlara əməl etməlidirlər. Eyni zamanda vətəndaşlarımızın həkim və mütəxəssislərin bu barədə tövsiyələrinə riayət etmələrini məsləhət görürəm.

Bunu Publika.az-a Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Onun sözlərinə görə, vətəndaşlar daha fəal vaksinasiya olunmalı və özlərini qorumalıdırlar: “Azərbaycanda vaksinasiya prosesi yaxşı aparılır. İnsanların artıq vurduracaqları peyvəndi seçmək imkanları var. Heç bir maneə olmadan bu proses davam etdirilir. Ancaq vaksinasiya bir qədər sürətlənərsə və peyvənd olunanların sayı artarsa, çox yaxşı olar”.

Ə.Rüstəm insan həyatı üçün daha çox təhlükə kəsb edən Hindistan ştammının xüsusiyyətlərindən də danışıb və bildirib ki, virusun bu mutant növündən qorunmaq üçün insanlar mütləq şəkildə qaydalara əməl etməlidirlər: “Hindistan ştammı təhlükəlidir. Amma Azərbaycana hələ ki, gəlməyib, buna baxmayaraq insanlar ehtiyatlı olmalıdır. Xüsusilə də Rusiya və Türkiyədən gələn şəxslərə karantin tətbiq edilməlidir. Çünki qonşu ölkələrdə bu mutant virus ciddi şəkildə yayılıb. Rusiyada vəziyyət kritikdir. Hindistan şatammının Türkiyədə olduğu rəsmi təsdiq olunub. Qonşu Gürcüstanda da var. Buna görə də ciddi tədbirlər görülməlidir. İsraildə təkrar yoluxmalar başlayıb. Virusa yoluxan, peyvənd olunan şəxslər Hindistan ştammına təkrar yoluxa bilirlər. Buna görə də diqqətli olmalı, tövsiyələrə riayət edilməlidir”.

Akqabay Mıradov

Mənbə: publika.az