Türkiyədə peşəkar təlim keçmiş kəşfiyyatçı zabitimiz - Şəhid Anar Novruzov

Türkiyədə peşəkar təlim keçmiş kəşfiyyatçı zabitimiz - Şəhid Anar Novruzov

Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə verib, lakin, sonra Bakı Neft-Energetika Kollecinə qəbul olub. Sonra fikrini dəyişdirib və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verib. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıdıb və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirib.


1999-cu ildə Ali Hərbi Məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlayıb. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət edib. 2013-cü ilə qədər ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013-2018-ci illərdə Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib, snayper tüfəngi və digər müasir silahlardan istifadə edib. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilib. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona “Akula” ləqəbi verilib.

2008-ci ilin 4 mart tarixində başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Ağdərə istiqamətlərində şiddətli döyüşlər başlamışdı. Toqquşmalar zamanı Anar Novruzov Tərtər rayonunun Həsənqaya kəndində kəşfiyyatçı zabit idi və döyüşlərdə iştirak edirdi. İstifadə etdiyi AQS-17 qumbaraatanından atdığı dəqiq atəşlər nəticəsində Ermənistan Ordusunun yüksək rütbəli zabitləri məhv edilmişdi.


Aprel döyüşlərində xidmət etdiyi korpusun döyüşlərdə olmamasına və özünün Sumqayıtda xidmət etməsinə baxmayaraq Anar Novruzov da yaxından iştirak edirdi. O, bu döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəlpə yarası almışdı.

Türkiyədə mükəmməl peşəkar təlim keçən cəsur zabitimiz 25 ildən artıq hərb sahəsində çalışıb, siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlib.

Hündürboylu, sağlam bədənli Anar sanki hərb üçün doğulmuşdu. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayper tüfəngindən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib.


Döyüş yoldaşlarının dediyinə görə, tabeliyində olan əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış.

A.Novruzov müxtəlif illərdə Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.

2003-cü ildə ailə həyatı quran cəsur döyüşçü toy mağarına “Vağzalı” musiqisi əvəzinə, “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb.


Həyat yoldaşı Nazilə xanım Anar haqqında kövrələ-kövrələ danışır: “Çətinliyimiz də, xoş günlərimiz də olub. Anar deyib-gülən, zarafatcıl idi. Onun üçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc idi. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicə almadan döyüşə qatıldı. Xidməti ilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımız üçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik...”.

İgid zabitimiz 25 ildən artıq xidmət etməsinə baxmayaraq, o, döyüş meydanından geri çəkilmədi, irəliyə, gələcəyə inamla, ümidlə baxdı. Əbədiyaşarlıq qazanmağa can atdı və buna nail oldu. Övladları da atalarının arzusunu göyərtmək niyyətindədirlər. 13 yaşlı oğlu Nihad hərbi həkim, on birinci sinif şagirdi Firuzə isə polis olmaq istəyir.


Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.



 

Mənbə: ordu.az