Bu da sənə istirahət, 2 manata görə qırğın düşdü – Çimərlikdən REPORTAJ

Bu da sənə istirahət, 2 manata görə qırğın düşdü – Çimərlikdən REPORTAJ

Yayın gəlişi ilə insanlar da dincəlmək üçün ən çox çimərliklərə axışır. Əvvəllər şəhərə yaxın olduğu üçün Şıx çimərliyinə üz tutan şəhər sakinləri, sonradan dənizin çirkləndiyinə görə, bu adətlərindən bir çoxları imtina etdi.

Hazırda isə şəhər sakinlərinin şəhərə digər çimərliklərdən daha yaxın olduğu üçün Şıx çimərliyini Novxanı çimərliyinə dəyişib.

Elə söhbətimizin ən şirin yerində də məhz Novxanı çimərliyindən danışacam. Üzü şəhərdən avtomobil Sumqayıt yoluna tərəf şütüdükdə bir birinin yanında düzülən çimərliklərdə qarışqa kimi qaynaşan insanları, onları öz məkanlarına cəlb etmək üçün dəridən qabıqdan çıxan məkan çalışanları rahatlıqla sezə bilərsiz.

Daxil olduğumuz “Sanset” çimərliyi demək olar ki, Novxanıda ən çox müştərisi olan çimərlikdir. Havanın isti olması insanları bu çimərliyə axışmağa vadar edib. Bayram günləri ilə üst-üstə düşən isti hava isə çimərlikdə istirahət edənlərin sayını daha da artırmışdı. Adətən hər yerdə olduğu kimi bu cür məkanlar müştərilərin çoxluğunda başlarını itirdikdən xidmət demək olar ki, sıfırın altına düşür.

Birdə bunun üzərinə dolmuş yerləri nəzərə alsaq vəziyyətin necə acınacaqlı olmasını təsəvvür etmək heç də çətin olmaz. Adi günlərdə müştəri gəzən obyekt işçiləri indi daha qapıdan daxil olan müştəriyə heç fikir vermirdilər.

“Hardan tapdın otur”

Ofisiantlardan birini bizə yer göstərməsi üçün səsləyirik, o isə sanki ondan borc pul istəyəcəyimizi düşünüb könülsüz bizə yaxınlaşmalı olur. Ondan nəzakətlə bizə yer göstərməyi rica edirik. Cavab isə çox maraqlı həm də gülünc olur. “Mən özümdə yer tapmıram, hardan tapdın otur”.

Sözü çox uzatmayım, elə onun dediyi kimi də edirik, yaxınlaşıb özümüz üçün masa tapıb yerimizi rahatlayırıq.

Hava isti olduğundan əvvəlcə dənizin dadını çıxarmaq istəyirik, belə də edirik. Hardasa 1 saata yaxın sahildə olduqdan sonra, masamıza qayıdırıq.

Sən demə görəcəyimiz elə bundan sonra başlayacaqmış. Qarışqa kimi ətrafımızda qaynaşan ofisiantlardan heç biri masaya yaxınlaşmaq istəmir, elə bil bizi yoluxucu xəstələr üçün nəzərdə tutulan karantin güşəsində oturtmuşdular.

30 dəqiqədən sonra min bir cəhdlə bir nəfəri tapırıq. Hə, yadımdan çıxmamış onu da qeyd edim ki, 30 dəqiqə ərzində hansı ofisiantı masamıza çağırırdıqsa cavabında bu masaya mən baxmıram olurdu. Halbuki 4 nəfərlik masa üçün 15, əlavə iki stul üçünsə 4 manat ödəniş etmişdik. Ofisiantı görəndə sanki səhrada ilğıma rast gəlmişdik, onun hər an itə biləcəyindən qorxurduq. Sifarişlərimizi verib daha 40 dəqiqə onların gəlişlərini səbirsizliklə gözlədik.

40 dəqiqədən sonra gələn isə yeməklərin yarısı və içməli sular idi. Bir müddət yəni bir 40 dəqiqə keçəndən sonra isə digər yeyiləcək təamlar masaya təşrif buyurur. Yəni ikinci sifariş gələnə qədər demək olar ki, yeyib-doymuşduq.

Ancaq daha sonra yenidən nəsə sifariş etmək istəsəniz, bu istəyinizdən vaz keçsəz daha yaxşı olar. Çünki yenidən gərək səs tellərinizi sazlayasız.

Nənənin sözündən çıxmaq olmaz...

İstirahət edənlərdən danışmaq isə bir başqa aləmdir. Deyir igidi öldür, haqqını yemə. Xidmətin aşağı olmasına baxmayaraq, məkan çox səliqə ilə tərtib olunub. Hər yerdə zibil qutularının olmasına baxmayaraq, öz ənənəmizə sadiq qalıb bütün yediklərimizi, evdən gətirdiklərimizi yerə töküb sahili zibilləməliyik.

Yan masada oturan nənə isə yeri zibilləmək istəməyən balaca nəvəsindən israrla zibili yerə atmağı istəyir. Azyaşlı isə təkidlə əlindəki zibili 1 metr uzaqlıqda yerləşən zibil qutusuna atmaq istəyərkən anası sözə qarışıb ona başa salır ki, nənənin sözündən çıxmaq olmaz. Sonda isə nəvə nənənin tövsiyyəsini yerinə yetirir.

Axşama doğru çimərlik geyimimizi dəyişmək üçün xüsusi ayrılmış hissəyə doğru addımlayırıq. Uzaqdan eşitdiyim səs isə çimərlikdə yaşadığım qeyri –adi hadisələrin sonuncusu olur. Əvvəlcə qışqıran qadın səslərini eşitdiyimdə, kiminsə halının pisləşdiyini və köməyə çağırdığını sandım.

Lakin duş kabinələrinə yaxınlaşdıqda bunun iki qadın arasında saçyoldu olduğunu görürəm. İstirahət məkanı ödənişli olsa da duş almaq üçün əlavə adambaşına 1 manat ödəniş etməlisən. Bu isə iki qızını çimizdirib geyindirən müştərinin deyəsən heç xoşuna gəlmir. Məkan işçisi bunun masaların qiymətinə daxil olmadığını, su pulunun qalxdığını səbəb gətirərərək israrla öz iki manatını tələb edirdi.

Müştəri isə nalayiq sözlərlə onu təhqir edib, pulu ödəməyəcəyini deyir. Bu dəmdə Abbas Səhhətin “Ayı və Şir” təmsilində dediyi “Çıxdı iş axır ölüb-öldürməyə” misraları yadıma düşür. İki manatın nə böyük qüdrəti vardısa, qadınlar buna görə əlbəyaxa olub bir-birlərinin saçına əl atmaqdan belə çəkinmədilər. Nəticədə isə üzü çızılıb qanamış hamam xidmətçisi, etdiyi əməlini özünə fəxr sayıb razı-razı məkanı tərk edən müştəri qaldı.

Bu düşüncələrlə məkandan ayrılırıq. Yol boyu isə məni bir sual düşündürür:

“Uşaqlarımızı tərbiyə etmədən əvvəl bəlkə birinci özümüzü tərbiyə edək”

Vüsalə Balayeva, Bizim.Media

Mənbə: bizim.media