ANAMA-nın təsis edilməsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilir

ANAMA-nın təsis edilməsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilir

İyulun 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təsis edilməsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA-nın 1998-ci il iyulun 18-də ulu öndər Heydər Əliyevin Sərəncamı əsasında yaradıldığını bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə işləri ilə bağlı fəaliyyətləri planlaşdırmaq, əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər həm də səlahiyyətli orqan qismində hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, Qarabağa Dönüş Təşkilatının sədr müavini Gülməmməd Məmmədov, ANAMA yanında İctimai Şuranın üzvləri və digərləri çıxış edərək Agentliyin yaradılmasının 23-cü ildönümü münasibətilə təbriklərini çatdırıblar.

Sonra qurumun ötən illər ərzində qazandığı təcrübə və nailiyyətlər, eləcə də dövlət prioritetlərinə əsasən icra edilən minatəmizləmə fəaliyyəti barədə məlumat və videoçarx təqdim olunub.

Tədbir çərçivəsində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamının icrasının təmin olunması, “Böyük qayıdış” istiqaməti üzrə Qarabağa qayıdan ilk sakinlərimizin mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirilməsi, təhlükəli ərazilərdə əsas davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunması yönümündə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, həmin sakinlərin doğma yurdlarına qayıdışı Zəngilan rayonunda reallaşdırılan “Ağıllı kənd” layihəsi çərçivəsində həyata keçiriləcək.

Mənbə: azertag.az