Üzərində “Saşa + Maşa = Sevgi”, “11B” tipli yazılar həkk olunan Razin dağı abadlaşdırılır - FOTOLAR

Üzərində “Saşa + Maşa = Sevgi”, “11B” tipli yazılar həkk olunan Razin dağı abadlaşdırılır - FOTOLAR

Bakı öz dövrünün böyük insanlarının və eyni zamanda, müxtəlif illərdəki tarixi hadisələrin müsbət və mənfi qəhrəmanlarının yaddaşını qoruyur. Bəziləri fəzilət, digərləri isə günahlar və pisliklər gətirməyiblər. Tarixdə üsyançı kimi qalmış Stepan Razinin fövqəladə şəxsiyyəti və onun Fars və Xəzərin qərb sahillərinə etdiyi məşhur yürüşləri Bakı şəhərindən də yan keçməyib. 1667-ci ildə Razinin rəhbərlik etdiyi üsyan və “Zipunlar üçün Yürüşü” onun quldur dəstəsini Bakı ətrafına gətirib. Burada onlar bir dağdakı mağarada düşərgə qurub və oradan ətraf kəndlərə qəfil basqınlar ediblər. Bu basqınlar yerli əhaliyə o qədər problemlər gətirib ki, sakinlər Sabançı dağını Razin dağı adlandırmağa başladılar. Buradakı mağara da onun adını daşımağa başladı. Hazırda bu ərazi paytaxtın mərkəzindən 10 km aralıda olan Bakıxanov adına qəsəbədə yerləşir. 1923-cü il mayın 1-də isə Bakının bu hissəsində inşa edilən və 1992-ci ilə qədər Razinin adını daşıyan Azneftin ilk fəhlə qəsəbəsi mövcud olub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan EkoTurizm Assosiasiyası məlumat yayıb.

Son illərdə Rusiya turistləri və MDB ölkələrindən gələn qonaqlar üçün buraya daha çox ekskursiyalar təşkil olunur. Turistlərə məşhur kazakın gizli keçidləri və gizlədilmiş xəzinələri haqqında hekayələr danışılır. Onu da qeyd etmək olar kı, alpinizm və dağa dırmanma klublarından olan gənclər üçün Razin dağı ilin bütün fəsillərində məşqlərini uzağa getmədən keçirə biləcəkləri ən sevimli yer olub və olmaqdadır. Dağdan dənizə tərəf gözəl bir mənzərə açılır. Buranın torpağı məhsuldardır və yerli floranın bütün rəngləri ilə fərqlənir.

Mağaranın girişinin eni 5 metrdir, hündürlüyü 13,6 metirdir və iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38,4 metrdir, eni 5 metrdir, ikinci otağın uzunluğu 7,9 metrdir, eni isə 4,3-7 metrdir. Mağaranın ümumi sahəsi 255,7 kvadrat metrdir. Yazılı mənbələrə görə, mağaranın 2 km uzunluğundakı qolu ilə dənizə çıxışı var. İllər keçdikcə mağara haqqında fərqli əfsanələr də danışırdılar. Onlardan birində, orta əsrlərdə mağaranın qarşısına dəvət olunmamış qonaqlardan və vəhşi heyvanlardan qorunmaq üçün daş divar çəkildiyi deyilir ki, bu da insanların həmin yerdən yaşamaq üçün istifadə etdiklərini göstərir. Hətta deyilir ki, mağaranın iki yeraltı çıxışı olmuşdur, bunlardan biri, artıq qeyd olunduğu kimi, Xəzər dənizinə, digəri isə Qara dənizə (!) qədər uzanıb və Razin oğurladığı sərvətləri bunlardan birində gizlədirmiş.

90-cı illərdən bəri dağ və mağaranın ətrafı tikilməyə başladı. Hazırda artıq bu ərazı hava limanına aparan magistraldan görünmür. Sanki dağ və mağara bu illər ərzində tərk edilmiş, unudulmuş bir yerə çevrildi. İndi bura zibil yığınları, plastik butulkalarla doludur. Mağaranın əsas girişi müxtəlif qarışıq tullantılarla bağlıdır. Dırmanma avadanlığı köhnəlib və heç bir standartlara cavab vermir və onların istifadəsi təhlükəlidir. Tarixi abidəni ziyarət etmiş dəliqanlılar tərəfindən dağın üzərində “Saşa + Maşa = Sevgi”, “11B” tipli çoxsaylı yazılar da həkk edilib.

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirilib, Razin mağarası və dağı ətrafındakı ərazilərdə birgə baxış aparılıb. Qərara alınıb ki, ilk növbədə ərazi yığılmış zibillərdən təmizlənməlidir, mağaranın girişi tullantılardan açılmalıdır. Sonra isə ərazini və mağaranın özünü deratizasiya və dezinfeksiya etmək, abadlıq işləri aparmaq, ağaclar əkmək, köhnəlmiş dırmanma avadanlığını dəyişdirmək, dağın səthini yazılardan təmizləmək, məlumat lövhələri və göstəricilər quraşdırmaq, ərazini nişanlamaq və bura gələn turistlər, dağa dırmanma və alpinizmlə məşğul olmaq arzusunda olan gənclər üçün müvafiq şərait yaratmaq lazımdır. Eyni zamanda arxeoloqlar, speleoloqlar, tarixçilər və digər marağlananlar tərəfindən əfsanəvi mağaranın tədqiq edilməsi üçün imkanlar yaratmaq qərara alınıb.

Azərbaycan Ekoturizm Assosiasiyasının mütəxəssislərinin fikrincə, Razin dağı və mağara təbii və tarixi bir obyekt kimi sonradan Bakı ətrafındakı turizm marşrutlarına daxil edilə bilər. Onun yeri tanınmış və populyar olan “Atəşpərəstlər Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu (Atəşgah), Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu “Yanar Dağ”, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Abşeron Qalaları kimi turist obyektlərinə gedən yolun üstündədir, bu amil onun Bakı turizm klasterinə daxil edilməsi imkanlarını artırır.

Mənbə: www.oxu.az