6, yoxsa 7 yaş? - Erkən tədrisə başlamağın FƏSADLARI

6, yoxsa 7 yaş? - Erkən tədrisə başlamağın FƏSADLARI

Bəzi valideynlər övladlarının daha tez məktəbə getməsini arzulayırlar. Əsas gətirilir ki, uşağın zehni yaxşıdır, məktəbə marağı var.

Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, orta məktəbdə tədrisə başlamaq üçün 6 deyil, 7 yaş daha uyğundur.


Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında rəy bildirib:

“Məktəbə başlamaq uşağın həyatında dönüş nöqtəsidir. Çünki o, bununla ciddi rejimə keçir. Gərək həmin rejimə elə vaxtda keçəsən ki, onun məsuliyyətini daşıya biləsən. 6 yaşı olmayan uşaq üçün bu məsuliyyəti daşımaq çox ağırdır. Çünki onu oyun və öz dünyasından çəkib məcburi təhsilə yönləndirmək onda təhsilə, qaydalara qarşı kin yaradacaq. Uşaq yaxşı şeir öyrənə, zehni gücü və marağı ola bilər. Amma bunun üçün xüsusi kurslar var. Onlar məntiq və savadı inkişaf etdirir. Məktəbin isə qanunları var. Uşaqlar çox sürətli inkişaf edir. 7 və 6 yaşındakı uşaqların psixologiyası, özgüvəni eyni deyil”.

Xatırladaq ki, Azərbaycan Respublikasının “Təhsil haqqında”qanununa əsasən, məktəbə qəbul 6 yaşdan başlanır.

Dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilirlər.

Mənbə: bizim.media