Əlillik pensiyası dayandırılan vətəndaş - VİDEO

Əlillik pensiyası dayandırılan vətəndaş - VİDEO

Gədəbəy rayonu Söyüdlü kənd sakini Şakir Xudaverdiyev 7 il ikinci qrup əlil kimi pensiya alıb. Səbəbi isə hərbi xidmətdə olarkən qəfildən ürək tutması nəticəsində əməliyyat olunmasıdır. Müsahibimiz deyir ki, ürəyində qüsurlar elə anadangəlmə olub, amma hərbi xidmətə yollanarkən nədənsə bunlar nəzərə alınmayıb. Hazırda Şakir Xudaverdiyevin şikayəti əlillik pensiyasının kəsilməsindəndir. O iddia edir ki, pensiya qəfildən, ona məlum olmayan səbəbdən kəsilib. Bu da onun maddi durumuna ciddi təsir göstərib. Şakir Xudaverdiyev ona heç də ucuz qiymətə başa gəlməyən dərmanlarını almaqda çətinlik çəkdiyini deyir.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Oradan bizə bildirdilər ki, Şakir Xudaverdiyev 30.06.2021 tarixində əyani müayinə olub. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Ş.Xudaveriyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 28.01.2014-cü il tarixli 516 nömrəli Şəhadətnamə verilib. Həmin şəhadətnamədə “Postmiokarditik kardioskleroz, mədəcik ekstrasistoliya tipli ürək ritminin davamlı pozulması ilə I birincili funksional sinif ürək çatışmazlığı” diaqnozu qeyd edilib. Şakir Xudaverdiyevə dair sonuncu dəfə səhiyyə müəssisəsi tərəfindən e-sistemə daxil edilən son göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Dəqiqləşdirilməmiş anadangəlmə ürək qüsuru, Anadangəlmə ürək qüsuru qulaqcıqlararası çəpərin defekti, anadangəlmə ürək qüsurunun korreksiyasından sonrakı vəziyyət, xroniki bronxit. Postmiokardik kardioskleroz, midicik ekstratitoliya tipli ürək ritmin davamlı pozulması qdç II dərəcə” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmayıb. Yəni, Şakir Xudaverdiyevin Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsində və göndərişində qeyd edilən diaqnozlar əyani müayinə zamanı öz təsdiqini tapmayıb. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyinatına əsas vermədiyindən Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilib.

Mənbə: www.realtv.az