Teymur Musayev Buzovnada şəhid ailələrinin övladları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin övladları ilə görüşüb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə Teymur Musayev dövlət başçısının vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı: “Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu qayğının nəticəsidir ki, Sanator-Kurort Reabilitasiya Mərkəzi 2020-ci il noyabrın 14-dən Birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin xidmətinə verilib”.

Teymur Musayev ötən ilin ölkəmiz üçün əlamətdar il olduğunu vurğulayıb: “Qəhrəman atalarınız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq”.

Çıxışının sonunda səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev hər birimizin Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borclu olduğunu vurğuladı: “Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman bizim mənəvi borcumuzdur”.

Mərkəzin baş direktoru Mürsəl Mürsəlov isə bildirdi ki, Mərkəzdə 1200–dən çox qaziyə nevroloji, psixoloji və fizioterapevtik müalicələr göstərilib və hazırda müəssisədə 50-dən çox qazimiz müalicə alır. Bundan əlavə, İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarının sanator-kurort və bərpa-müalicə xidmətinin keyfiyyətli həyata keçirilməsi məqsədilə Mərkəzin binasında müvafiq şərait yaradılıb. Burada onlara anaları ilə birlikdə sanator-kurort, bərpa-müalicə, o cümlədən istirahətlərinin səmərəli və effektiv keçirilməsi üçün müxtəlif növ əyləncəli tədbirlər və ekskursiyalar təşkil olunur.

Tədbirin sonunda İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarına hədiyyələr təqdim edildi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Artıq çəkidən tez bir zamanda qurtulmağın yolu tapılıb

SONRAKI XƏBƏR

"Mançester Yunayted"in baş məşqçisi: "Məni Azərbaycanla oyunda qollar vurduqdan sonra aldılar"