Təhsil Nazirliyinin keçirdiyi bu imtahanlarda hər il narazılıqlar olur

Bakı. Çingiz Səfərli - Trend:

MİQ imtahanları Təhsil Nazirliyinin uğurlarına kölgə salır. Təklif edirəm ki, imtahanların test mərhələsinin keçirilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilsin.

Bunu Trend-ə açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, bu imtahlar işə qəbulda şəfaflığın təmin edilməsində mühüm rol oynayır:

"MİQ (Müəllimlərin işə qəbulu) imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başladı. Yəni, 2011-ci ildən etibarən orta məktəbdə müəllim işləmək üçün yeganə yol MİQ imtahanı idi. Bu prosesdən kənar işə qəbul qanunsuz hesab edilir. Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı keyfiyyətin yüksəldilməsi üçün MİQ imtahanın rolu böyükdür. 2013-cü ildən etibarən MİQ imtahanında yeni dövr başlayır. 2013-cü ildən etibarən istər MİQ imtahanında iştirak edənlərin sayı, istərsə də işə qəbul üçün çıxarılan vakansiyaların sayı əvvəlki illərlə müqayisədə dəfələrlə çox idi. Ümumilikdə MİQ imtahanı nəticəsində şəffaf şəkildə 30 min insan 2013-2020-ci illərdə işə qəbul edilib ki, bu da ölkə üzrə Dövlət qurumları arasında işə qəbul üzrə ən yüksək nəticələr".

Ekspertin sözlərinə görə, MİQ imtahanlarında test tapşırıqlarınıln quruluşu, ağırlıq səviyyəsi düzgün təşkil edilmir:

"Etiraf edək ki, hər il MİQ imtahanı zamanı təqdim edilmiş test tapşırıqları ilə bağlı narahatlıq baş verir. Yəni, hər il MİQ imtahanı şəffaf təşkil edilsə də, test tapşırıqları ilə bağlı qüsurlar ortaya çıxır. Böyük insan kütləmiz narazılıq edir. Düzdür, şikayət və narazılıqların böyük əksəriyyəti subyektiv amillərdən asılı olaraq əsassız olsa da, əsaslı şikayətlər də olur. Bunu Təhsil Nazirliyi özü də etiraf edir və ədalətli həlli üçün addımlar atır. Xüsusilə test tapşırıqlarının məzmunu, quruluşu, ağırlıq səviyyəsi düzgün təşkil edilmir. MİQ imtahanı üçün vahid ədəbiyyatın olmaması problemi illər ərzində mövcud problemlərin əsas səbəbidir. Təhsil Nazirliyi imtahanların şəffaf və ədalətli keçirilməsində maraqlı tərəf olduğunu bildirir və bunu açıq şəkildə nümayiş etdirir. Amma MİQ imtahanın test mərhələsinin keçirilməsi Təhsil Nazirliyinə lazımdırmı? Aparılan təhlillər göstərir ki, MİQ imtahanın yüksək səviyyədə təşkil olunması üçün Təhsil Nazirliyinin resursları azdır. Kiçik resurslar ilə böyük iş görmək çətindir".

 

Ekspert bildirib ki, imtahanlar DİM-lə birgə keçirilsə daha effektiv nəticə əldə olunar:

"MİQ imtahanı ölkədə DİM-in buraxılış və qəbul imtahanlarından sonra ölkədə ən kütləvi imtahandır. Cari ildə MİQ imtahanında iştirak etmək üçün 62 min elektron ərizə qəbul edilib. Hesab etmirəm ki, MİQ imtahanını Təhsil Nazirliyi DİM-lə birgə təşkil etməlidir. Yəni imtahanın test mərhələsini DİM, müsabiqə şərtlərini ödəyən şəxslər üçün müsahibə mərhələsini Təhsil Nazirliyi keçirə bilər. Çünki DİM artıq beynəlxalq standartların tələblərinə cavab verən imtahanlar təşkil edir. DİM beynəlxalq imtahanların keçirilməsi üçün lisenziya almış qurumdur. Bundan başqa ölkədə prokurorluq orqanlarına işə qəbul, vergi orqanlarına işə qəbul, dövlət qulluğuna işə qəbul, miqrasiya orqanlarına işə qəbul kimi imtahanları DİM təşkil edir. Yəni imtahanın test mərhələsini təşkil edir, müsahibə mərhələsi isə müvafiq qurumlar tərəfindən təşkil edilir".

Kamran Əsədov onu da əlavə edib ki, MİQ imtahanı Təhsil Nazirliyinin uğurlarına kölgə salır:

"Son illərdə təhsil sistemində ciddi uğurlar əldə edilib. Beynəlxalq PIRLS qiymətləndirilməsində nəticələr yüksəlib, Məktəbəhazırlıq təhsilinin əhatəliliyi genişləndirilib, Respublika fənn olimpiadalarında, Beynəlxalq fənn olimpiadalarında azərbaycanlı şagirdlər böyük uğurlar əldə edib, medallar qazanıb, "Məktəblinin dostu" kimi müsbət layihə tətbiq edilib, Peşə təhsili sahəsində ciddi irəliləyiş əldə olunub, Ali məktəbə qəbulda yüksək bal toplayanların çəkisi artıb, birinci sinifə qəbul, tələbə köçürülməsi kimi böyük işlər görülüb. Bunlardan başqa da yüzlərlə müsbət işlər görülüb, uğurlar əldə edilib. Amma bütün bu müsbət işlərə bir MİQ imtahanı kölgə salır. Təklif edirəm ki, Təhsil Nazirliyi özünü bu yükdən azad etsin".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə COVID-19 infeksiyasına qarşı 71 milyondan çox peyvənd tətbiq olunub

SONRAKI XƏBƏR

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Xəzər rayonunda növbəti reydlər keçirilib (FOTO)