Ali təhsil ocaqları yeni tədris ilində necə işləyəcək?

Tədris ilinin başlamasına bir aydan çox vaxt qalmasına baxmayaraq, hazırda valideynləri yeni dərs ili ilə bağlı suallar daha çox maraqlandırır. “Ənənəvi, yoxsa distant təhsil olacaq”, - deyə, müxtəlif sosial şəbəkə seqmentlərində müzakirələr aparılır.

Xüsusilə də son günlər yoluxma sayının kəskin artması ilə əksəriyyət hesab edir ki, bu il də dərslər distant olaraq davam etdiriləcək. Bəs görəsən, təhsil müəssisələri, xüsusilə də ali təhsil ocaqları pandemiya şəraitində işlərini necə quracaq, bu il hər hansı dəyişikliklər gözlənilirmi? Ali təhsil ocaqları növbəti təhsil ili üçün nə kimi plan hazırlayıblar?

Mövzu ilə əlaqədar ali təhsil müəssisələrinin mətbuat katiblərinə müraciət etdik.

Bizimlə söhbətdə ilk olaraq İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova suallara cavab verib: “Yeni tədris ilinin hansı formada-onlayn, yoxsa ənənəvi olacağı hələ bəlli deyil, bununla bağlı rəsmi məlumat yoxdur. Bütün hallarda biz istər ənənəvi, istərsə də hibrid olsun hər ikisinə hazırıq. Ola bilər ki, bəzi fənlər distant, bəziləri isə ənənəvi keçirilə bilər. Bu istiqamətdə işlər gedir, hibrid auditoriyalar yaradılıb. Əgər dərslərin yarısı onlayn olarsa, həmin auditoriyalarda keçiriləcək. Ənənəvi olarsa, yenə də tələbələr auditoriyalarda öz mühazirələrini dinləyəcəklər.

Ona görə də hələ bəlli deyil deyə bununla bağlı konkret bir cavab verə bilməyəcəyəm. Amma bütün hallarda hazırlıq prosesi gedir. O ki qaldı tələbələrin psixoloqların fəaliyyətinə, bizim universitetdə hələ ki, psixoloq fəaliyyəti yoxdur. Universitetimizdə inklüziv təhsil mərkəzi var. Əlilliyi olan tələbələrə həmin mərkəz dəstək göstərir. Sırf onlarla bağlı psixoloqumuz var, dəstək göstərirlər. Həmin tələbələrin hər hansı bir problemləri olarsa, yaxud suallar olanda müraciət edirlər. Amma ümumi olaraq universitetdə psixoloq yoxdur. Gələcəkdə düşünürük ki, psixoloqlar cəlb edilsin”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva da mövzu ilə bağlı suala cavab verib: “Pandemiya şəraitində Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi bir sıra mərhələləri əhatə etdi. BDU-da sistemli şəkildə dezinfeksiya işləri aparılmağa başlandı, məsafədən tədris və imtahan prosesi müvəffəqiyyətlə keçirildi. Pandemiya dövründə ali təhsilin təşkilində keyfiyyətin təşkili təcrübəsi, təhsil və təlim bacarıqlarının dəyişən sənayenin tələblərinə uyğunlaşdırılması təhsildə yeni dəyişikliklərə yol açdı. Bütün çətinliklərə baxmayaraq, BDU onlayn tədris prosesini uğurla təşkil edə bildi.

Yeni tədris ilində də tədris onlayn qaydada davam etsə, BDU prosesin yüksək səviyyədə təşkli üçün bütün imkanlara sahibdir".

G.İskəndərova onu da əlavə edib ki, artıq 2 ildir BDU-nun Psixoloji Yardım Sektoru fəaliyyət göstərir: “Sektor ehtiyac yarandıqda tələbələrə, müəllim heyətinə köməklik göstərir, onlayn formatda təlimlər, seminarlar keçir”.

Sevinc İskəndərova

Azərbaycan Texniki Universitetin (AzTU) mətbuat katibi Sevinc İskəndərova isə bildirib mövcud pandemiya şəraitində bütün təhsil müəssisələri, o cümlədən AzTU də Təhsil Nazirliyi və Operativ Qərargah tərəfindən verilən qərarları icra edir: “Yeni tədris ilində də bu belə olacaq. Qeyd edim ki, AzTU istər onlayn, istərsə də ənənvi tədrisi davam etdirməyə hazırdır. Təhsil Nazirliyi və Operativ Qərargah hansı qərarı qəbul etsə, universitet həmin qərarı icra edəcək.

İkinci sualınıza gəldikdə onu deyə bilərəm ki, bizdə psixoloq ştatı olmasa da, peşəkar psixoloqlarla təlimləri mütəmadi davam etdiririk. Pandemiyanın təhsil işçiləri və tələbələrin psixologiyasına mənfi təsiri danılmazdır. Belə halların baş verməməsi üçün AzTU-da mütəmadi olaraq psixoloqların iştirakı ilə müəllim və tələbələrə faydalı təlimlər, görüşlər təşkil olunur. Hazırda yay tətili olmasına baxmayaraq daha bir təlimin keçirilməsi nəzərdə tutulur. Psixoloqların iştirakı ilə keçirilən görüşlər ilboyu davam etdiriləcək".

Azərbaycan Tibb Univürsitetinin mətbuat katibi Günel Aslanova da sualımıza cavab verib: “ATU-da dərslərin yeni tədris ilindən necə tənzimlənəcəyi Nazirlər Kabinetinin qərarı və o qərara uyğun Təhsil Nazirliyi tərəfindən hazırlanmış qaydalar əsasında məlum olacaq”.

 

Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva da “Yeni Müsavat”a danışıb: “Bu gün həyatımızı, işimizi ancaq Operativ Qərargahın verdiyi qərarlara uyğun planlaşdırırıq. Ona görə hələ ki dərslərin ənənəvi olacağını dəqiq deyə bilmərik. Görürsünüz ki, xəstəlik artan templə davam edir. Düzdür, Operativ Qərargahın keçirdiyi iclasda bildirildi ki, karantin şərtləri sərtləşdirilməyəcək. Amma bütün dünyada gedən prosesləri izləyir, görürük ki, qapanmalara doğru gedirik. Hər bir halda biz ənənəvi təhsilə hazırlaşırıq. Amma əgər pandemiya şəraiti davam edərsə, yeni karantin şərtlərinə uyğun olaraq işimizi quracağıq. Yaxın günlərdə həm müəllimlərin, həm də tələbələrin vaksinasiya olunması ilə bağlı qərar verildi, bu tələbləri yerinə yetirəcəyik. Müəllimlərimiz, universitet heyəti artıq vaksinasiyada iştirak edib. Tələbələr də artıq yeni qərardan xəbərləri var, vaksin olunacaqlar, yəni bütün tələblərə əməl edəcəyik. Düzdür, 2020-ci ilin əvvəlində pandemiya ilk başlayanda bir qədər çətinliklərimiz var idi. Çünki təcrübə yox idi. Hazırda bu istiqamətdə hər hansı problem yoxdur, istər onlayn, istərsə də ənənəvi təhsilə hazırıq, kifayət qədər təcrübəmiz var”.

N.Mirzəyeva əlavə edib ki, universitetdə ayrıca psixoloq ştatı yoxdur: “Dövrün, zamanın tələbinə uyğun olaraq psixoloqun olması və aktiv fəaliyyət göstərməsini məqbul sayıram. Pandemiya dövründə bir qədər psixologiyası, iradəsi zəif olan tələbələrə, elə müəllim heyətinə psixoloji yardımın göstərilməsi lazımdır. Ali təhsil müəssisələrinin əksəriyyətində psixoloq vəzifəsi yoxdur, amma olsa hər bir halda ümumi işin xeyrinə olar”.

Cia.az

ƏVVƏLKİ XƏBƏR

Melinda Qeyts və Makkenzi Skott layihəsi gender bərabərliyinə $40 mln. bağışlayıb

SONRAKI XƏBƏR

32 il sonra avrokuboklarda