Hər bir deputat bilməlidir ki, qanunu pozan ona uyğun cəzasını alacaq

Bu gün Azərbaycan parlament tarixində bir ilk yaşandı. Dövləti təmsil edən polis əməkdaşını döyən, təhqir edən millət vəkili Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv edildi. Deputatın polis döyməsi böyük bir biabırçılıqdır və bunun hüquqi və mənəvi cəzası mütləq olmalı idi. Azərbaycan dövləti də heç tərəddüd etmədən lazımı addımları atdı. Baş prokuror məsələ ictimailəşəndən dərhal sonra deputat toxunulmazlığının ləğvi ilə bağlı parlamentə müraciət etdi, Milli Məclis də deputatlar tətildə olmağına baxmayaraq, növbədənkənar iclas çağırıb bu məsələyə müsbət rəy verdi, bir növ öz adını, dövlətin adını təmizə çıxarmağa çalışdı.

Hakimiyyət orqanlarının və millət vəkillərinin baş vermiş və ictimailəşmiş biabırçılığa operativ reaksiyası ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. Bir neçə gündür, bu hadisə gündəmin əsas mövzularından biri olaraq qalır.

Amma təəssüf ki, bu olaya başqa prizmadan yanaşanlar da tapılıb. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli kimi. O, bu gün parlamentin iclasında deyib ki, məsələni böyütməyə ehtiyac yox idi, münaqişə tərəflərini barışdırmaqla da işi yoluna qoymaq olardı...

Təsəvvür edirsinizmi bu sözləri ixtisasca hüquqşünas olan, vaxtilə Ali Məhkəmənin sədri işləmiş, hazırda millət vəkili mandatı daşıyan birisi səsələndirir. Partiya sədri kimi tanınan, ictimai kimliyi olan bir şəxs hadisəyə qanunun dili ilə deyil, həmkar təəssübkeşliyi ilə yanaşır. Axı bu, şəxsi məsələ deyil. Söhbət deputat adını daşıyan birisinin dövlətin qanunlarını saymazdan gəlməsindən, ona verilən imtiyazlardan sui-istifadəsindən, üstəlik konkret cinayət əməlindən – adam döyməkdən, xuliqanlıqdan gedir. Özü də döyülən adam başqa bir dövlət qurmunun – dövlətin, asayişin keşiyində duran polisin sıralarında qulluq edən birisidir... Bu halda axı hansı məntiqlə qanunu gözardı edib, barışıqdan danışmaq olar. Baş verən adi məişət davası deyil. Söhbət dövlətin, parlamentin, ümumilikdə dövlətçiliyin nüfuzundan gedir.

Belə bir olaya şəxsi maraqlar prizmasından yanaşmaq, “polisin yiyəsi var, deputatın yiyəsi yoxdur” qənaətinə gəlmək də ancaq Tahir Kərimli təfəkküründə olan birinin ağlına gələ bilərdi. Necə yəni polisin yiyəsi var, deputatın yiyəsi yoxdur? Məgər deputat polisi deyil, polis deputatı döysəydi, qanun susacaqdımı? Susmamalıdır. Qanun “bu deputatdır”, “bu polisdir”, “bu dövlət məmurudur” prinsipi ilə işləməməlidir. Qanun elə işləməlidir ki, hamı rahatlıqla deyə bilsin ki, bu ölkədə artıq polisin də, depuatın da, sadə vətəndaşın da yiyəsi var... Özü də bunun üçün ilk növbədə qanunverici orqanın təmsilçiləri- deputatlar, konkret halda Tahir Kərimli özü çalışmalıdır. O isə məntiqi bir kənara atıb barışıqdan danışır.

Birdəfəlik başa düşmək laızmdır ki, Azərbaycan hüquqi dövlətdir. Burada hər bir fərdin qanun qarşısında bərabər hüquqları var. Qanunu kim pozursa, dərhal də həmin qanuna uyğun cəzasını alır. İstəyir deputat, istəyir polis, istəyir sadə vətəndaş olsun!

Parlamentin bu gün qəbul etdiyi qərar da məhz bu amala xidmət edir. Tahir Kərimli kimi düşünənlər isə hələ də keçmişdə qalan, deputatın, nazirin, icra başçısının adam döyməsinə adi bir hərəkət kimi baxan köhnəliyin təmsilçiləridir. Amma artıq onların zamanı arxada qalıb. Onlar ya bu yeni reallığı dərk edib öz saəlahiyyətlərinin icrası ilə məşğul olmalıdırlar, ya da zaman özü onları tarixin arxivinə atacaq.

Fuad Abasoğlu

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı kəskin artdı

SONRAKI XƏBƏR

Siriqu özünə yeni klub tapdı