“Atam ölməyib, Qarabağa gedib və şəhid olub...” SƏHİYYƏ NAZİRLİYİ ŞƏHİD ÖVLADLARINA MƏNƏVİ-PSİXOLOJİ DƏSTƏK VERİR, +REPORTAJ

“Atam ölməyib, Qarabağa gedib və şəhid olub...” SƏHİYYƏ NAZİRLİYİ ŞƏHİD ÖVLADLARINA MƏNƏVİ-PSİXOLOJİ DƏSTƏK VERİR, +REPORTAJ

“...Baxın, bu mənim atamdır. Atam ölməyib, Orxanın, Ramalın, Zöhrabın atasının yanına gedib, şəhid olub. Onun üçün çox darıxıram...”

İkinci mərtəbədəki liftin qarşısında bizi qarşılayan Tuncay deyir bunu. Şəhid kapitan Pərviz Məmmədovun 7 yaşlı oğlu. Və anası ilə birgə qaldığı otağa qədər əlimizdən buraxmır. Atasının çarpayının yanındakı dolabın üstünə qoyulmuş şəklini göstərir, əyilib şəkli öpür. Sonra onu gözləyən tibb bacısının yanına tələsir. İdman edəcəklər, uşaqlarla birgə ekskursiyaya gedəcəklər...

Səhiyyə Nazirliyinin Buzovna qəsəbəsində yerləşən Sanator Kurort Reabilitasiya Mərkəzindəyik. Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların övladlarının sanator-kurort və bərpa-müalicə xidmətinin keyfiyyətli həyata keçirilməsi məqsədilə mərkəzdə yüksək şərait yaradılıb. Burada şəhid övladları anaları ilə birlikdə sanator-kurort, bərpa-müalicə kursu keçirlər, həmçinin istirahətlərinin səmərəli və effektiv keçirilməsi üçün müxtəlif növ əyləncəli tədbirlər və ekskursiyalar təşkil olunur. Şəhidin həyat yoldaşı Aişə Məmmədova deyir ki, Tuncay aylardır atasının yoxluğuna alışa bilmir, yaşıdları ilə ünsiyyətdən qaçıb. Elə onun özünə də psixoloji dəstək lazım olub. Səkkiz gündür mərkəzdədirlər, bir yandan psixoloji dəstək, digər yandan qruplarla gəzinti Tuncaya müsbət təsir edib.

Aişə Məmmədova danışır ki, ötən həftənin sonunda Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev də mərkəzdə sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələri ilə görüşüb. Nazir müavini onların qayğıları ilə maraqlanıb, hər birini tək-tək dinləyib. Sonra uşaqlara hədiyyələr paylanıb.

“Bilirik ki, övladlarımız bu dövlətə əmanətdir...”

“Bir görəydiz, uşaqlar necə sevinirdilər. Dövlət bizim vəziyyətimizi diqqətdə saxlayır, nazir müavininin qayğılarımızla şəxsən maraqlanması, burda göstərilən qayğı bizim üçün təskinlikdir. Bilirik ki, övladlarımız bu dövlətə əmanətdir”, - Aişə Məmmədovanın dediklərini digər şəhid xanımları da təsdiqləyir.

Birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ötən ilin noyabrın 14-də torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi qazilərinin xidmətinə verilən mərkəzin fəaliyyəti ilə bağlı haqqin.az-a baş direktor Mürsəl Mürsəlov məlumat verir.

M.Mürsəlov deyir ki, müəssisə həm də istirahət yönümlüdür, buna görə də təmizliyə, sakitliyə ciddi riayət olunur. Müəssisədə nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidmətləri göstərilir. 250 çarpayılıq müəssisə yüksək keyfiyyətli avadanlıqlarla təmin olunub.

“Şəhid ailələri ilə bağlı layihəyə iyulun 23-dən başlayıb və sentyabrda dərslər başlayanadək davam edəcək. Bu müddət ərzində ümumilikdə, 5 qrup olmaqla 5-16 yaşlı uşaqlar və anaları 10 günlük istirahət-müalicə kurslarına cəlb olunacaq”, -mərkəz rəhbəri əlavə edir.

Öyrənirik ki, mərkəzə gələn şəhid ailələri əvvəlcə hərtərəfli - lor, stomatoloq, kardioloq, pediatr və digər müayinədən keçirilirlər. Ehtiyac yarandıqda rentgen, UZİ müayinələri də aparılır. Onların vəziyyəti həkimlər tərəfindən qiymətləndiriləndən sonra müvafiq müalicə kursu təyin edilir. Bununla yanaşı, uşaqların istirahəti üçün qrup oyunları təşkil edilir, Bakının tarixi-memarlıq muzeylərinə, qoruqlara ekskursiyalar təşkil edilir. Mürsəlovun sözlərinə görə, uşaqların hamısı fiziki cəhətdən sağlamdır, lakin əksəriyyətinin psixoloji dəstəyə ehtiyacı var. Mərkəzin psixoloqları həm uşaqlara, həm də analara yardım göstərirlər.

“Mərkəzə gələndən, psixoloji dəstək alandan uşağın yükü azalıb”

Söhbətə Aişə Məmmədova ilə davam edirik. Deyir ki, Pərviz sentyabrın 30-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Həmin günü tezdən zəng vurub, onunla danışıb: “Dedi ki, axşam yola düşəcəyik, məndən artıq döyüşdə olduğunu gizlətdi. Bir də onun dedi ki, oğlum da, sən də mənimlə fəxr edəcəksiz. Bu dəfə hər şey gözəl sonluqla bitəcək”.

Aişə onu da deyir ki, Tuncay azyaşlı olsa da, bu aylar ərzində ona əsil dayaq olub, təskinlik verib. Mərkəzə gələndən, psixoloji dəstək alandan uşağın yükü azalıb.

Şəhid Orxan İsmayılovun həyat yoldaşı Fərqanə İsmayılova da söhbətə qarışır. Fərqanə deyir ki, iki övladı var, o da övladları ilə birgə mərkəzdə müalicə alır.

Orxan könüllü cəbhəyə yollanıb, oktyabrın 1-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.

“Orxan dedi ki, bu problemi birdəfəlik həll etməliyik, gələcək nəsillər, oğullarım əziyyət çəkməsinlər. Ayxanın 7, Zöhrabın 8 yaşı var. İndiyədək ölüm kəlməsini dillərinə gətirmirlər, atam şəhid olub deyirlər. Şəhidlik zirvəsi o qədər ucadır ki, biz onunla fəxr edirik. Uşaqlar atalarının onları cənnətdən izlədiyinə inanırlar. Təsəvvür edin ki, süfrədə adına boşqab qoyurlar, yerində heç kim oturmur”,- Fərqanə göz yaşları içərisində danışır.

Şəhid leytinant Asif Kərimovun həyat yoldaşı Arzu Kərimova isə əlavə edir ki, keçirdiyi sarsıntıdan sonra onun da səhhətində problemləri başlayıb. Mərkəzdə psixoloji yardımla yanaşı reabilitasiya kurslarından keçir. İndi az da olsa özünü yaxşı hiss edir.

“Yoldaşım noyabrın 2-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid oldu. Bilirdim ki, müharibədir, hər şey ola bilər, amma yenə də onsuzluğa alışmaq çətindir”,- A.Kərimova deyir.

Mayor Ramiz Hacıyevin yoldaşı Sevinc Hacıyeva isə 7 yaşlı əkiz qızları və 9 yaşlı oğlu ilə birgə gəlib. Deyir ki, qızları “r” hərfini tələffüs etməkdə çətinlik çəkiblər. Loqopedin dəstəyi ilə bu problemləri arxada qalıb.

“Ramiz hərbiçi idi, hansı bölgəyə göndərirdilər, onunla birgə gedirdik. Üç il idi ki, Tərtərdə yaşayırdıq. Müharibənin ilk günlərindən Bakıya göndərdi, dedi ki, sizdən nigaran qalmayım. Aprel döyüşlərində iştirak etmişdi. Amma bu dəfə şəhid olacağını bilirmiş kimi bizimlə halallaşdı”,- S.Hacıyeva danışır.

Xüsusi Təyinatlıq Qüvvələrin zabiti Elçin İsmayılov isə toyunun il dönümündə - oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Həyat yoldaşı Sevinc İsmayılova danışır ki, Elçin Şuşanın azad olunmasını arzulayıb.

“Ayın 8-i xəbər tutduq ki, şəhid olub. Döyüşçü dostlarını xilas edərkən vurulub. Çox qürur duyuram, çünki mən elə bir insanın, qəhrəmanın həyat yoldaşıyam. O, elə sağikən də qəhrəman insan idi”- bildirib.

Elçin ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sevinc qeyd edir ki, onun kimi şəhid ailələri mərkəzdə hərtərəfli qayğı ilə əhatələniblər. Bu istirahət-reabilitasiya kursunun bir üstünlüyü də odur ki, həm uşaqlar, həm də onlar digər şəhid ailələri ilə ünsiyyətdə olurlar, dərdlərini, qayğılarını, həyat yoldaşları ilə bağlı xatirlərini bölüşürlər, rahatlıq tapırlar.

Ü.Xudiyeva

Mənbə: virtualaz.org