Oqtay Gülalıyevin vəziyyəti yenidən pisləşdi

Oqtay Gülalıyevin vəziyyəti yenidən pisləşdi

Keçirdiyi ağır yol nəqliyyat qəzasından sonra uzun müddətdir müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti yenidən pisləşib.

Modern.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat yayıb. O deyib ki, qastrostomiya borusu dəyişdirildikdən sonra atasının vəziyyəti kəskin pisləşib:

"Bu gün səhər erkən saatlarda qastrostomiya borusu boşluqdan çıxdığı üçün saat 08.30-a yaxın Topçubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər. Onu da qeyd edim ki, daha öncədən TƏBİB-in dəstəyilə həmən xəstəxanada və qastrostomiya borusunun bərpası həyata keçirilib. Günün ikinci yarısında həkimin razılığı ilə evə gətirildikdən sonra, qastrostomiya borusu ilə yemək verildikdə, atam titrəməyə başlayıb və temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiq ilə Mərkəzi Klinik xəstəxanasına gətirilib. Həkimlər vəziyyətinin kritik olmasını səbəbi beyinlə əlaqələndirir".

T. Gülalıyev deyib ki, atasının vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya yerləşdiriləcək: "Atamla bağlı durum TƏBiB-in nəzarəti altındadır".

Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən ötən il noyabrın 8-də Bakıya gətirilib.

Mənbə: modern.az