Vətən müharibəsi şəhidinin doğum günü münasibətilə məzarı ziyarət olunub

Vətən müharibəsi şəhidinin doğum günü münasibətilə məzarı ziyarət olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, ictimai birliklərin rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin uyuduğu məzarı ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Mərasimdə çıxış edən deputatlar Soltan Məmmədov və İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və digər qonaqlar Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd ediblər ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Sonra tədbir iştirakçılarının bir qrupu şəhidin ailəsini ziyarət edib. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanlarımız İman və Bəhram Məmmədzadələrin şərəfli döyüş yollarından danışılıb, onların xatirəsi anılıb.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olan İman Məmmədzadə noyabrın 2-də Xocavənd rayonunda Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

İmanın qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub. O da qardaşı kimi, noyabrın 2-də Qırmızı Bazar istiqamətində gedən döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, B.Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mənbə: azertag.az