Dünyada uşaqlar COVID-19 əleyhinə necə vaksin olunurlar

Dünyada uşaqlar COVID-19 əleyhinə necə vaksin olunurlar

ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

Hələlik Azərbaycanda uşaqların COVID-19 əleyhinə vaksinləşməsi ilə bağlı bir qərar yoxdur. Nazirlər Kabinetinin qərarı ilə ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin vaksinasiyası aparılır. Azərbaycandan fərqli olaraq qonşu Türkiyədə isə artıq bu istiqamətdə addımlar atılıb və yaşı 12-15 olan uşaqlar vaksin olunurlar. Maraqlıdır, dünyada uşaqların vaksin yaşı neçədir?

Sputnik Azərbaycan bunu araşdırmağa çalışıb.

Bir çox dünya ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə COVID-19 əleyhinə uşaqların peyvənd yaşı 12 olaraq müəyyənləşib. Bəzi ölkələrdə bu yaş 12-15 yaş aralığında dəyişir.

Məsələn, ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

Bəs bu ölkələrdə uşaqların neçə faizi vaksin olunub, buna nəzər yetirək:

- Fransada 68 %

- İtalyada 62%

- İspaniyada 79%

- Almaniyada 39%

- İrlandiyada 90%

- İsveçrədə 55%

Qonşu Türkiyədə vəziyyət necədir?

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər COVID-19 virusu ilə əlaqədar olaraq reanimasiyadakı uşaqların sayında artım olub: "Bu səbəbdən də əlimizdə əsas silahımız vaksindir. Ailələr övladlarını vaksin etdirməkdən qorxmasınlar. Nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində bu virus əleyhinə uşaqlar vaksin olunurlar. Məsələn, Kubada uşaqlar 2 yaşından vaksin olunurlar. Çin və Birləşmiş Ərəb ölkələrində 3 yaşdan vaksinləşmə başlayır".

Qeyd olunub ki, uşaqlar üçün vaksinin fərqli dozada tətbiqi ilə bağlı hələlik nəsə demək mümkün deyil: "Yaşı 12-dən yuxarı olanlara tam doza vaksin vurulur, yaşı 12-dən aşağı olanlara isə daha az dozada vaksinin vurulması üçün müəyyən işlər getsə də, hələlik bir nəticə, qərar yoxdur".

Mənbə: sputnik.az