Kürdəmirdə şəhidin xatirəsi anılıb

Kürdəmirdə şəhidin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Pəhli Qəribovun doğum günü Kürdəmirdə uyuduğu şəhidlər xiyabanında ehtiramla yad edilib. Yaşasaydı 28 yaşını özü, yaxınları və dostları ilə qeyd edərdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasiminə gələn rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin dostları və ailə üzvləri Pəhli Qəribovun məzarı üzərinə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. Mərasimdə çıxış edənlər vətənpərvər, el-obaya bağlı olan şəhidin həyat tarixçəsindən xatirələr söyləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Pəhilin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, 44 gündə düşmənin diz çökdürüldüyünü vurğulayıblar.

Şəhidin anası Roza Qəribova oğluna, şəhidlərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, mərasimə gələnlərə təşəkkür edib.

Qeyd edək ki, Pəhli Xaləddin oğlu Qəribov 1993-cü ildə Kürdəmirdə anadan olub. 2012-ci ildə Naxçıvanda müddətli həqiqi hərbi xidmətini kəşfiyyatçı kimi başa vurub. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə düşmənlə çarpışıb, böyük şücaətlər göstərib, işğalçı erməni ordusunun xeyli canlı qüvvəsini və texnikasını məhv edib, ağır döyüş tapşırıqlarını yerinə yetirib. Arzusu Şuşa şəhərinə üçrəngli bayrağımızı sancmaq olub. Təəssüf ki, noyabrın 8-də Daşaltı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub..

Pəhli ailənin tək oğlu idi. İki il idi ki, Aidə xanımla ailə həyatı qurmuşdu. İndi şəhid Pəhlidən bir qız övladı yadigar qalıb.

Mənbə: azertag.az