Vətən müharibəsi qazisi: Hər zaman Vətənim uğrunda canımdan keçməyə hazır olmuşam

Mən hərbiçiyəm və hər zaman Vətənim uğrunda canımdan keçməyə hazır olmuşam. İkinci Qarabağ müharibəsi başlayanda da ön sıralarda idim. Oktyabrın 8-də Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşdə ermənilər tərəfindən atılan minaatan mərmisi idarə etdiyim hərbi maşının üzərinə düşdü. Orada gözüm və ayağımdan yaralandım. İlkin müalicəm Azərbaycanda oldu.

Bunu AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alan qazimiz Məhəmməd Məmmədov deyib.

Sağlamlığı ilə bağlı sonradan “YAŞAT” Fonduna müraciət etdiklərini bildirən qazimiz deyib: “Sağ olsunlar köməklik göstərdilər. Həkimlərin ümumi rəyi əsasında Türkiyəyə göndərilməyimə qərar verildi. Türkiyəyə gələndə ayağımı qətiyyən yerə qoya bilmirdim. Əməliyyat olduqdan sonra çox böyük irəliləyiş var. Son dəfə hesabladıq kənar şəxsin köməyi olmadan 40-50 addım atdım. Həkimlər deyirlər ki, gəzməyim bərpa olunacaq. Hazırda tək problemim gözümlə bağlıdır. Bir gözümü tamamilə itirmişəm, protez taxılmalıdır. Alt göz qapağım da parçalanmışdı. Onu Bakıda dəri köçürülməsi əməliyyatı ilə bir dəfə bərpa etməyə çalışdılar, lakin alınmadı. Türkiyəyə gəldikdən sonra bununla bağlı növbəti əməliyyat keçirdim”.

Dövlət tərəfindən ona göstərilən qayğıdan danışan M.Məmmədov deyib: “Qırx dörd gün davam edən Vətən müharibəsində, ordumuzun zəfərə doğru getdiyi yolda bir çox vətən oğulu döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucaldı. Allah hamısına rəhmət eləsin. Biz Vətənimiz uğrunda qarşılıq gözləmədən vuruşub, Vətənimiz uğrunda yaralanmışıq. Tarixi Qarabağ torpağımızı işğaldan azad olunmasına və bizə göstərilən qayğıya görə Ali Baş Komandanımız, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Qazilərlə maraqlanan hər kəsə çox sağ olun deyirəm”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Əlikram Bayramov dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO

SONRAKI XƏBƏR

Gürcüstan 8 ayda Azərbaycandan 127 milyon dollarlıq qaz alıb