Hər üç amerikalıdan biri evdə oturur və işləmir BELƏLƏRİNİ 7 QRUPA BÖLÜRLƏR...

Hər üç amerikalıdan biri evdə oturur və işləmir BELƏLƏRİNİ 7 QRUPA BÖLÜRLƏR...

Müəllif: YevgeniyBay(haqqin.az saytının Vaşinqton müxbiri)

 

Amerika statistikası tez-tez sürprizlər təqdim edir. Bu dəfə də dərc olunan rəqəmlər heyrətləndirir. Sən demə, inkişaf etmiş kapitalizm ölkəsində 16-64 yaşlı amerikalı kişilərin 30 faizi işləmir. Yəni, ölkənin kişi cinsindən olan əhalisinin hər üç nəfərindən biri evdə oturur.

Yahoo/Finance saytının baş redaktoru Endi Serverin yazdığına görə, bu fenomen dövrümüzün əsas sirlərindən birinə çevrilib. Bəs həmin vətəndaşlar yaşamaq üçün qazancı necə əldə edirlər? Onlar kimdir - əmək birjasında növbəyə duran işsizlərmi?

Amerikalıların 30 faizə yaxını işləmir...

Heç də yox, onların əksəriyyəti ümumiyyətlə iş axtarmır, onlar işləmədən də həyatlarından və özlərindən məmnundurlar. Bəlkə bütün günahlar koviddədir? Əgər söhbət müəssisələrin, restoran və ya turizm agentliklərinin bağlanması səbəbindən məcburən işsiz qalan insanlardan yox, məhz qeyd etdiyimiz qrup vətəndaşlardan gedirsə, elə fərz etmək olardı ki, onlar yoluxmaqdan qorxduqlarına görə evdə otururlar.

Ancaq Server diaqramları öyrənərək iddia edir ki, bu təmayül mərdiməzar kovidin hücumundan çox-çox əvvəl əmələ gəlib.. Məsələn, 1949-cu ilin oktyabrında ABŞ-ın kişi əhalisinin 87.4 faizi işləyirdi. Hazırda isə yalnız 67,7 faizi işləyir.

İşləmək istəməyənlərin hər birinin öz tarixçəsi var. Bu qrupa şüuru deformasiyaya uğramış evsizlər də, Silikon vadisindəki IT şirkətlərinin təqaüdə erkən çıxmış və “Əvvəllər Facebook (Google və s.-də) üçün çalışmışam, indi isə onlar mənim üçün çalışırlar” söyləyən keçmiş əməkdaşları da daxildir.

Maliyyə nəşrinin redaktoru və onun həmkarları ətraflı araşdırma apararaq amerikalıların özlərinə işləməməyi rəva bilməsinin 7 səbəbini müəyyənləşdiriblər.

Birinci səbəb - pandemiyaya görə 2020-ci ilin martından ödənilməsinə başlanılmış pul müavinətləridir. Onların məbləği həftədə 600 dollardır və bu yardımı vətəndaşlar işsizliyə görə müavinətdən əlavə alırlar. Ştatdan asılı olaraq bu məbləğ ayda 3,5-4 min dollardır. Və təbii ki, polisin, yaxud poçtalyonun aylıq məvacibindən daha yüksək olan bu cür subsidiya alandan sonra yalnız qeyri-normal şəxs divanda sakitcə oturub beysbolu seyr etmək əvəzinə iş axtarmağa yollanacaq. Ekspertlər fərz edirdilər ki, federal yardım proqramı başa çatandan sonra işçilərin sayı artacaq, ancaq bu baş vermədi. Görürür, səbəb ondadır ki, işsizlərin digər gəlir mənbələri də mövcuddur.

İkinci qrupa təqaüd, əlilliyə görə müavinət və ya məhkəmə iddialarına görə pul alanlar daxildir. Bu, həqiqətən də varlanmaq üçün sərhəd tanımayan sahədir. ABŞ-da 4,5 trilyon dollar həcmində 6 minə yaxın təqaüd proqramları var. Onların sayəsində ölkədə hər il 23 milyard dollar paylaşdırılır. Və əgər insan 25 yaşında əmək fəaliyyətinə başlayıbsa, artıq 57 yaşında maaşının üçdə ikisini almaqla fəxri istirahətə yollana bilər.

İşləmək istəməyənlərin çoxu müavinətlə dolanır...

Məhkəmənin qərarı ilə nəhəng məbləğlər əldə edən bədbəxt hadisə qurbanları haqqında nə demək olar?! Amerikada yaşayan Feysbuk dostlarımdan biri haqlı olaraq yazır: “Hər birimiz 2-3 bu cür “əlil” tanıyırıq”. Bir tanış vəkil isə mənə yarızarafat-yarıgerçək deyir: “Küləkli havada hər hansı reklam lövhəsinin altında dayan və o, yüngülcə toxunmaqla yanına düşsə, sənə ən azından 2 milyon dollar vəd edirəm”.

Üçüncü qrup - əmanətlər, birjada oynamaq və... bitkoin. Amerikalının orta əmanəti 73 min dollar təşkil edir. Bu ölkənin milyonlarla vətəndaşı aksiyaları alıb satmaqla varlanır. Birja dalğaları onları uğurun zirvəsinə tullayır və pandemiya dövrü paradoksal şəkildə bu oyunçuların həyatlarının ən yaxşı dövrlərindən birinə çevrilib. Əgər 2020-ci ilin 12 martında - Ümumdünya Səhiyyə təşkilatı pandemiyanın başlanmasını elan edən gün S&P 500 indeksi 2480 bənd təşkil edirdisə, hazırda 4440-ı ötüb. Ən böyük uğuru isə trendi hiss edərək bitkoynla oynayanlar qazandı. 2020-ci ilin həmin mart günündə bitkoyn 4861 dollar idi, indi isə onun qiyməti 47 min dollardan çoxdur. Bitkoin sayəsində varlananlar işləməyi ömürlük unutdular.

Pandemiya birja oyunçuları üçün gözəl şans oldu...

Dördüncü qrup - necə deyərlər “keş”ə, nağd pula işləyən (digər ölkələrdə - “maaşı zərflə alanlar”) və beləliklə heç yerdə qeydiyyata düşməyən və vergi ödəməyənlərdir. Bu, ABŞ-da “masanın altında iş” adlanır. Hesablamalar görə, hər il boz iqtisadiyyatda təxminən 22 milyard dollar dövr edir.

Beşinci qrup - ailə üzvlərinin hesabına yaşayanlar. Statistikaya görə, 18-29 yaşlı gənc amerikalıların 52 faizi valideynlərinin evində yaşayır və pandemiya dövründə bu rəqəm xeyli artıb. Onların bəziləri kommunal xərcləri yaşlılarla bölür, digərləri isə bu xərclərə şərik olmur, ancaq hamısı özlərini yetərincə rahatlıqda hiss edir. Bu qrupa həyat yoldaşlarını işləməyə göndərən, özləri isə uşaqlara qulluq edən kişilər də daxildir.

Altıncı qrupa heç də yalnız ABŞ-da rast gəlinməyən zəhmətsiz gəlirlər, bir qayda olaraq nakotik satışından əldə olunan qazanc daxildir. Bu biznesə cəlb olunanların sayını göstərmək qeyri-mümkündür, ancaq bu cinayətlərə görə həbs olunanların statistikası bəllidir. Onların 84.9 faizi kişilərdir, orta yaş - 36-dır, 49 faizinin kriminal keçmişi olmayıb.

Bu qrupa həm də məhbuslar daxildir, ABŞ-da onların sayı 2 milyon nəfərdir. Onlar da işləmirlər, ancaq xoşbəxt yaşayırlar, şam yeməyinə makaronları var.

Narkotacirlər niyə işləsin ki?

Nəhayət, sonuncu, yeddinci qrup - həvəskar balıqçılar, ovçular, yardımçı təsərrüfatda xiyar və pomidor becərənlər. Pandemiya dövründə bu cür amerikalıların da sayı artıb. Məsələn, Kaliforniya ştatında balıq ovu üçün verilən lisenziyaların sayı 1,5 il ərzidə 10 faiz çoxalıb, bu il ov üçün satılan lisenziyaların sayı isə ötən illə müqayisədə 12 min artıb.

Öz təcrübəmdən bilirəm ki, ABŞ-ın torla ova bir qayda olaraq icazə verilməyən su hövzələrində balıq boldur, brakonyerlərin praktik olaraq rast gəlinmədiyi meşələrdə isə hər cür ov heyvanı var. İş axtarmaq nəyə lazım - tilovu, tüfəngi götür, yemək də olacaq.

Endi Server və digər ekspertlər araşdırmalar zamanı daha bir qanunauyğunluğu üzə çıxardılar: Amerikanın ÜDM-i hansı sürətlə artırsa, işləyən kişilərin sayı da həmin sürətlə azalır. Yəni, ölkə nə qədər varlanırsa, bir o qədər az adam işləyir.

SSRİ-də belə bir plakat vardı: nəhəng, qüvvətli fəhlə onu işdən qovan cılız kapitalistə nifrətlə baxır. “Bir çox kapitalist ölkələrində xalq üçün işsizlik çarəsiz bəlaya çevrilib, - plakatda yazılırdı. - Orada xalqda ədalətli etiraz qaynayır və o, çarəsiz bəla ilə barışmaq istəmir”.

Plakatın 80 yaşı var. O vaxtdan bəri amerikalılar “çarəsiz bəla” ilə nəinki barışıblar, həm də ondan həzz almağı öyrəniblər.

 

Mənbə: virtualaz.org