Ukraynada yeni karantin qaydaları qüvvəyə mindi

Ukraynada yeni karantin qaydaları qüvvəyə mindi

Ukraynada bu gündən etibarən koronavirusla bağlı yeni karantin qaydaları qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. Bildirilir ki, sentyabrın 20-dən etibarən Ukraynada “sarı” və “yaşıl” COVID sertifikatlar tətbiq olunmağa başlayıb. Belə ki, bu ölkədə sözügedən sertifikatlar vətəndaşın vaksinasiya olunduğuna dəlalət edir.

Qeyd etmək lazımdır ki, “sarı” sertifikatlar yalnız 1 doza vaksin qəbul edən vətəndaşlara 120 gün müddətinə verilir. “Yaşıl” sertifikatı isə tam olaraq vaksinasiyadan keçənlər əldə edir və 365 gün qüvvədə qalır.

Ukraynada yeni qaydaların tətbiq edilməsinə ölkənin sarı zonaya keçidindən sonra başlanılıb. Yeni qaydalar çərçivəsində fitnes mərkəzlərə və kütləvi tədbirlərə daxil olanların sayı məhdudlaşdırılır, kino və teatrlar isə ziyarətçilərin 50 %-ni qəbul edə bilər. Bununla yanaşı, sarı zonada sahibkarlar yalnız vaksinasiya olunmuş vətəndaşlara və yaxud istənilən şəxslərə qulluq edib-etməyəcəyinə özləri qərar verməlidirlər.

Həmçinin sarı zona rejimində ölkənin məktəbləri yalnızca müəllimlərin 80 %-nin “sarı” sertifikatının olması halında fəaliyyət göstərə bilər. Bununla yanaşı, Ukraynaya gələn əcnəbilər sığortaya, həmçinin vaksinasiya, əvvəllər koronavirusa yoluxma və yaxud mənfi test nəticəsinə malik olmalıdırlar.

Mənbə: qafqazinfo.az