Küveyt nəşri Ermənistanın Oxçuçayı çirkləndirməsi haqqında məqalə dərc edib

Qahirə, 22 sentyabr, AZƏRTAC

Küveytin nüfuzlu “Dəsman” nəşrində Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Oxçuçayı çirkləndirməsi barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Küveytdəki səfirliyinin məlumatına istinadla Oxçuçay haqqında ətraflı məlumat verilib. Yazıda qeyd edilib ki, transsərhəd çayı olan Oxçuçay Ermənistan ərazisində dağ-mədən kombinatlarının zəhərli tullantıları ilə çirkləndirilir. Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb və transsərhəd su axınları hesabınadır. Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən bu su mənbəyi sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Çirkli sular təmizlənmədən birbaşa çaya axıdılır və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Məqalədə vurğulanıb ki, Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür və onun çirklənməsi buradakı su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Kür çayının ən böyük sağ qolu olan Araz çayı isə Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Bu çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər. Azərbaycan tərəfi Ermənistanın bu ekoloji təxribatı ilə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Danimarka millimizə 8 cavabsız qol vurdu

SONRAKI XƏBƏR

4-cü şöbənin qaz problemi - VİDEO