Ermənilərin 30 ildə “silə bilmədikləri” məşhur abidələrimiz “əbədiyyət pasportlarını” alır…

Faiq İsmayılov: “Tarixi mədəni abidələrimizə sahib çıxmalıyıq”

Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərdə 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilir.

Bildirilir ki, bu, müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır: “Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib. Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır”.

“Ermənilər dayanmadan, nəinki işğaldan azad olunmuş torpaqlarda, Azərbaycanın bütün ərazilərində olan xristisanlığa qədər və xristianlıq dövrünə aid abidələrin hər birini öz mədəni mülkiyyətləri hesab edir”

Azad edilən ərazilərdə tarix-memarlıq abidələrinin pasportlaşdırılması barədə fikir bildirən mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bizimlə söhbətində bunları dedi: “İşğal dövründə belə abidələrin pasportlaşdırılması məsələsilə bağlı dəfələrlə aidiyyəti qurumlara təklif edilib ki, beynəlxalq şəraitdə Azərbaycanın tanınan əraziləri daxilində olan abidələr pasportlaşdırılsın. Həmin abidələrin sayı təxminən 3000-ə yaxındır”.

Həmsöhbətimiz hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə mümkün qədər geniş, əhatəli monitorinqlər keçirilməlidir: “Həmin ərazilərdə olan abidələri yenidən qeydiyyata almaq və onların hər birini pasportlaşdırmaq lazımdır. İşğaldan azad edilən ərazilərdə 15 tarix-memarlıq abidəsinin pasportlaşdırılması yaxşı addımdır”.

F.İsmayılovun sözlərinə görə, ermənilər dayanmadan nəinki işğaldan azad olunmuş torpaqlarda, Azərbaycanın bütün ərazilərində olan xristisanlığa qədər və xristianlıq dövrünə aid abidələrin hər birini öz mədəni mülkiyyətləri hesab edir: “Onlar bu haqda tiraj-tiraj kitablar çap edir. Müxtəlif dillərdə təbliğati paylaşımlar edir. Biz tarixi-mədəni abidələrimizə sahib çıxmalıyıq. Mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunmalıdır. Təəssüf ki, işğaldan azad edilmiş ərazilərə mütəxəssislər buraxılmır. Bununla bağlı aidiyyəti qurumlara müraciət də etmişəm. Bərpa olunan abidələrə nəzarət etmək olduqca vacibdir”.

Günel CƏLİLOVA

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Aİ bütün mobil cihazlar üçün universal şarj təklif edir

SONRAKI XƏBƏR

Bakıda qeyri-adi hadisə: Binanın balkonu yeni tikilən digər binanın içərisində qaldı - VİDEO