İmişlidə “Məktəbimizin igid şəhidləri” adlı bulaq istifadəyə verilib

İmişlidə “Məktəbimizin igid şəhidləri” adlı bulaq istifadəyə verilib

İmişli, 22 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə “Məktəbimizin igid şəhidləri” adlı bulaq istifadəyə verilib. Abidədə bir məktəbin məzunu olan və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi əksini tapıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün “Məktəbimizin İgid şəhidləri” adlı bulaq İmişli şəhər 1 saylı məktəb-liseyində inşa olunaraq istifadəyə verilib. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanı əməkdaşları, şəhid ailələri, məktəb kollektivi iştirak edib. Öncə şəhidlərin xatirəsi sükutla yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra bulaq kompleksinin açılışı olub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və Azərbaycan Ordusunun Qələbəsindən söhbət açıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyi sayəsində 30 illik torpaq həsrətinə son qoyulub və Azərbaycanın əzəli torpaqları erməni işğalından azad edilib. Bu döyüşlərdə isə Azərbaycanın igid oğulları öz sinələrini sipər edib canlarından keçərək əsl qəhrəmanlıq göstəriblər. Şəhidlərimiz Vətən həsrətinə son qoymaqla, həm də gələcək nəsillər üçün qəhrəmanlıq dastanını yazıblar.

Digər çıxış edənlər də Vətən müharibəsində iştirak edən 1 saylı məktəb-liseyin məzunları olan qəhrəmanların xatirələrindən söhbət açıblar. Bildirilib ki, məktəbin vaxtilə məzunu olan bir çox oğulları döyüşlərdə fədakarlıq göstəriblər. Onlardan 5 nəfəri isə şəhidlik zirvəsinə ucalmaqla əbədiyyətə qovuşublar. Bu gün isə həmin şəhidlərin məktəbdə xatirəsinin əziz tutulması üçün şəhid ailələrinin təşəbbüsü və dəstəyi ilə bulaq kompleksinin inşası təqdirə layiqdir. Çünki bu məktəbdə təhsil alan gələcək nəsillər hər zaman bu bulaqda xatirəsi olan şəhidlərimizi özlərinə örnək bilərək vətənpərvər ruhda böyüyəcəklər.

Mənbə: azertag.az