Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Himət Atayevdir.

Hikmət Atayev III (2005-2010) və IV (2010-2015) çağırış Milli Məclisin deputatı olub.

Həyatın çox amansız qanunları var. Bəzən əcəl insanı heç gözlənilməyən məqamlarda yaxalayır. Hikmət Atayev də taleyi üzünə gülməyən şəxslərdən oldu. Qəfil ölüm onun deputat səlahiyyətlərini sonadək icra etməsini əngəllədi.

Hikmət İsmayıl oğlu Atayev 1953-cü il fevralın 4-də Zaqatala şəhərində həkim ailəsində anadan olub. Zaqatalada orta məktəbi bitirdikdən sonra, 1970 - 1976-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ali təhsil alıb.
1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. Yeni Azərbaycan Partiyasının üzvü idi.

Birinci dəfə 2006-cı ildə, ikinci dəfə 2010-cu ildə 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisin deputatı seçilmişdi. Hər iki çağırışda parlamentin Sosial siyasət daimi komissiyasının üzvü olub.

Evli və 4 övladı atası idi.

Hikmət Atayev siyasətçi kimi deyil, həkim kimi tanınmışdı.

Deputat IV çağırış Milli Məclisin üzvü olarkən dünyasını dəyişib. 60 yaşlı millət vəkilinin ölümünə ağır yol qəzası səbəb olmuşdu.

Hadisə 2013-cü il martin 7-də Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində baş vermişdi. Gürcüstandan Balakən istiqamətində hərəkət edən Hikmət Atayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Balakənin Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı maşınla toqquşmuş, nəticədə deputat aldığı xəsarətdən hadisə yerindəcə ölmüşdü.

Həmin vaxt Hikmət Atayevin oğlu İsmayıl da onunla birlikdə avtomobildə olub. Hikmət Atayev Gürcüstanda ali təhsil alan oğlu İsmayılı imtahandan sonra evlərinə gətirmək üçün Balakən gömrük-keçid məntəqəsində qarşılamaq üçün sərhədə gedibmiş.


Qəzada millət vəkilinin özündən fərqli olaraq, oğlu elə ciddi xəsarət almamış, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdı

O zaman Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilmişdi ki, ilkin araşdırmalara görə qəzanı törədən digər sürücü Şaban Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, “VAZ-21015”in sürücüsü Ş.Qardaşov tutularaq istintaqa cəlb edilmişdi.

Hadisənin ertəsi gün martin 8-də mərhum deputat Zaqatala şəhər qəbiristanlığında dəfn olunmuşdu. Onun dəfni izdihamla keçmiş, ətraf rayonlardan insanlar yas yerinə axın etmişdilər.


Bu faciədən bir müddət öncə - 2013-cü ilin fevral ayının 4-də mərhum deputatın 60 yaşı tamam olmuş və o, yaxınlarının, dostlarının çevrəsində yubileyini qeyd etmişdi. Yəqin ki, onda deputat təsəvvürünə də gətirməzdi ki, bu, sevdiklərinin ətrafında keçirdiyi sonuncu doğum günüdür və cəmi 1 aydan sonra həyata həmişəlik əlvida deyəcək.


Deputat həmkarları xatirələrində bildirilər ki, Sosial siyasət komitəsinin o zamankı sədri Hadi Rəcəblinin otağında Hikmət müəllimin 60 illik yubileyi münasibətilə çayla tort içərkən zarafatyana onları ad gününə çağırmadığı üçün onu məzəmmət ediblərmiş. Hikmət Atayev isə söz verib ki, istənilən vaxt bunu etməyə hazırdır və belə razılığa gəliblər ki, Novruz bayramı ərəfəsində onun yubileyini qeyd etsinlər...


Amma... Deputat həmkarları onun yubileyinə deyil, yas mərasimlərinə - üçü, yeddisi, qırxına toplaşmalı oldular.


Tanıyanlar deyir ki, Hikmət Atayev yaşadığı bölgədə həkim-cərrah kimi yaxşı ad-san qazanmış, insanların hörmət və ehtiram göstərdiyi imic formalaşdırmışdı.

Zaqatala-Balakən zonasında böyük hörmət-izzət sahibi olan Hikmət həkim təvazökar, qərəzsiz hamıya kömək əli uzadan, heç vaxt xəsislik etməyən insan kimi xarakterizə olunur.

O, deputat seçiləndən sonra da bahalı avtomobil almamış, atasından qalma "Jiquli"ni sürməyə davam etmiş, valideynlərinin miras buraxdığı evdə yaşamış, Bakıya köçməmişdi.

Mərhum deputatın bəzi həmkarlarından fərqli olaraq yaşaddığı bölgədə nə istirahət məkanları, nə turizm obyektləri, nə də restoran və kafeləri olub. Gündəlik həyatda da təmtərağa can atmayıb.

Deyirlər ki, 2012-ci ildə Zaqatalada zəlzələ baş verəndə Hikmət Atayev onun nəticələrinin aradan qaldırılması istiqamətində həm cərrah, həm də deputat kimi çox iş görmüşdü.


Hikmət Atayev həkim ailəsində böyümüşdü. Onun ata-anası da həkim olublar. Zaqatala-Balakən regionunun tanınmış cərrahlarından olmuş atası İsmayıl Atayevin peşəsini oğlu Hikmət davam etdirirdi. O, Zaqatala xəstəxanasında bir çox ağır cərrahiyyə əməliyyatları həyata keçirmiş, onlarla insanı həyata qaytarmışdı.

Fələyin işinə bax ki, tez-tez yol nəqliyyat hadisəsinin qurbanı olmuş insanları ümidsiz vəziyyətdən xilas edən Hikmət həkimin özünü qəzaya düşəndə heç kəs qurtara bilmədi.

Deyirlər ki, Hikmət Atayev qızının nişanlandığı gün dünyasını dəyişmiş, ailənin böyük sevinci böyük bir kədərə çevrilmişdi.

Onun ölümünə bütün şimal bölgəsi kədərlənmiş, baş verənlərdən təəssüflənmişdilər.


Bu gün Hikmət Atayevin 4 övladından (iki oğlan, iki qız) 3-ü onun yolunu davam etdirir. İki qızı və bir oğlu atalarının izi ilə gedərək, həkim peşəsini seçiblər.

Böyük oğlu İsmayıl Atayev Tiflisdə Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. Daha sonra Sankt Peterburq Psixiatriya və Nevrologiya Milli Tibbi Tədqiqat Mərkəzinin doktorantı olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Psixo-sosial dəstək şöbəsinin müdiri vəzifəsində çalışıb. Bexterev adına Sankt-Peterburq Psixonevroloji Elmi-tədqiqat İnstitutunda uzmanlıq təhsili alıb. Hazırda psixoloq kimi fəaliyyət göstərir.


Mərhum deputatın böyük qızı Zərif Atayeva 2004-2010-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2011-2017-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ümümi cərrahiyyə üzrə rezidentura təhsili alıb.
2009-2010-da Avrasiya Klinikasının Plastik cərrahiyyə şöbəsində həkim-asisstent, 2010-2011-də Zaqatala şəhər Mərkəzi Xəstəxanasında cərrah işləyib.
2012-2013-cü illərd Almaniyada laporoskopik cərrahiyyə və plastik və rekostruktiv cərrahiyyə kursları keçib. 2011-2017-ci illərdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında cərrah, 2014-2017-ci illərdə Avrasiya Hospitalda plastik cərrah, 2018-2019-cu illərdə Oksigen klinikasında plastik cərrah olaraq çalışıb.
Bir müddət “Xəzər” telekanalında “Həkim saatı” verilişini aparıb. Hazırda “National Primehospital”da plastik cərrah işləyir.

H.Atayevin ortancıl qızı isə rayon poliklinikasında stomatoloqdur.

Mərhum Hikmət Atayevin həyat yoldaşı Kəmalə Atayeva Zaqatala rayonundakı orta məktəbdə rus dili müəllimi işləyir.

“Bu gün məni ovunduran və sevindirən odur ki, övladlarımız atalarının yolu ilə gedir. Halbuki, o, sağlığında övladlarının həkimlik ixtisasını seçmələri üçün təşəbbüs göstərməyib.
Hikmətgilin ailəsi həkimlər ailəsidir. Atası uzun müddət ümumi cərrah işləyib. Anası stomatoloq olub. Övladlarımız gözlərini açıb ağ xalatlı həkimlər görüblər. Ola bilsin ki, uşaqlarımızın həkimlik peşəsini seçmələri bundan irəli gəlir”,-deyə K.Atayeva həyat yoldaşı barədə xatirələrində bildirib.


Mərhumun oğlu İsmayıl Atayev:

“Atam insanların yaddaşında həkim-cərrah kimi qalıb. Atama qədər bizim ailədə siyasətlə məşğul olan olmayıb. Hər halda, atamı siyasətə gətirən səbəblər olub. Amma konkret olaraq bu barədə heç vaxt heç nə soruşmamışıq...

...Yadımdadır ki, seçkilər ərəfəsində rayonda belə söz-söhbət gəzirdi ki, “doktor deputat seçiləndən sonra rayondan gedəcək, həkimi itiririk” və sairə. Amma atamın o zaman belə bir çıxışı var idi ki, “mənim otağım xəstəxanada olacaq. Həm millət vəkili kimi, həm də həkim olaraq sizə xəstəxanada xidmət etməyə davam edəcəm”.

Atam sözünü tutdu. Deputat seçiləndən sonra deputat otağı xəstəxanada yerləşirdi. Saat 2-yə kimi həm xəstələri, həm də seçiciləri ilə görüşlər keçirirdi. 2-dən sonra isə əməliyyatları başlayırdı...

...Düzdür, bəzən işin çoxluğundan gərgin olurdu. Əməliyyatdan çıxıb, Bakıya – iclasa gəlməli olurdu, səhər isə rayona qayıdıb, yenidən əmliyyata girməli olurdu, ancaq bunlara davam gətirə bilirdi...

...Atam dünyasını dəyişəndən sonra həm siyasətdəki, həm də siyasətdən kənar dostları bizimlə mütəmadi olaraq əlaqə saxlayır və maraqlanırlar. Onların hər birinə təşəkkür edirik...”.

A.Qorxmaz

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Afrika ölkəsi Almaniyadan 9 milyard dollar təzminat tələb edir

SONRAKI XƏBƏR

İmişlidə “Məktəbimizin igid şəhidləri” adlı bulaq istifadəyə verilib