Tədrisin başlanması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirildi

Tədrisin başlanması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirildi

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" paytaxtda təhsil müəssisələrində tədrisin başlaması ilə bağlı stansiyalara nəzarəti gücləndirib.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu məqsədlə Bakı metropoliteni optimal hərəkət qrafikində sıxlaşma aparıb: "Bu hərəkət qrafikində sıxlaşmalar 2019-cu ilin eyni dövrü ilə müqayisəli şəkildə tətbiq olunub. Çünki Bakı metropoliteni sonuncu dəfə 2019-cu ildə normal qrafiklə fəaliyyət göstərib.

Bununla belə, pandemiya dövrü bitmədiyindən, karantin müddəti uzadıldığından bütün müəssisələrin iş fəaliyyətində dəyişiklik ola bilər. Bütün bunlara metropoliten işçiləri hazır olmalıdır. Ona görə də monitorinq və yoxlamaların istiqaməti və intensivliyində bir sıra dəyişiklik edilib. Sərnişinlər arasında təbliğat, işçilər arasında nəzarət monitorinqləri intensivləşdirilib".

Qurum rəsmisi bildirib ki, yeni tədris ilinin başlanması və müəssisələrin fəaliyyətinin bərpası ilə bağlı metro sərnişinlərinin sayında dəyişiklik ola bilər: "Bu məqsədlə metroda ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, stansiyalardan sıxlığın qarşısını almaq üçün həmin qatarlar xəttə buraxılacaq. Hərəkət dəyişikliyi mütəmadi olarsa, metropoliten qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

Hazırda metro stansiyalarında optimal hərəkət qrafiki tətbiq edilib. Yəni hazırda qatarlar arasında interval "Həzi Aslanov" - "28 may" stansiyaları arasında 2 dəqiqədir".

B.Məmmədov deyib ki, bu gün səhər saatlarında metro stansiyalarında sərnişin sayında artım olsa da, bu o qədər də çox deyil".

Mənbə: az.trend.az