İnstitut direktoru: "Bu, Azərbaycan səhiyyəsinə böyük bir zərbə olacaq"

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktoru Adil Allahverdiyev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının istefa verməsi və ölkənin səhiyyə siteminin mövcud durumu ilə bağlı Qaynarinfo-nun suallarını cavablandırıb.

- Adil müəllim, bir neçə gün öncə istefa verən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə ötən il Türkiyədən gəlib, Bakıda institut rəhbəri təyin olundunuz. Bir neçə gün öncə isə Ramin Bayramlı özü istefa verdi. Bu barədə nə deyə bilərsiz?

- Ramil müəllim istefa verəndə mən Moskvada idim. Amma onu bilirəm ki, Azərbaycanda səhiyyə sisteminin inkişafı üçün qısa müddətdə TƏBİB tərəfindən çox ciddi işlər görülüb. Niyə istefa verdi, nəyə görə istefa verdi, bununla bağlı dəqiq bilgim yoxdur. TƏBİB-də hazırda xaricdə təhsil almış çox savadlı insanlar çalışır. Bu potensial qrupun ölkəmizdə səhiyyə sahəsinin inkişafı üçün çox hədəfləri var. Onlar Azərbaycan səhiyyəsinin strategiyasına yönəlik işlər aparırlar. Düşünürəm ki, bu potensial qorunub saxlanılacaq. Çünki bu, Azərbaycanda səhiyyənin inkişafı üçün son dərəcə önəmlidir. Son illər xaricdən mütxəssislərin gəlməsi və gətirilməsində TƏBİB-in böyük xidmətləri var, bu inkaredilməzdir. Yaşanan olaylara obyektiv baxsanız, çox şeyin şahidi olacaqsız.

- Həmin mütəxəssislər ölkəmizdən getsə, nə baş verə bilər?

- COVID-19-a qarşı mübarizədə Azəbaycanda molekulyar dioqnostika sahəsində heç bir mütəxəssis və laboratoriya olmayıb. Amma TƏBİB bu işləri qura bildi. Yalnız bu işin mütəxəssisləri bilər ki, TƏBİB hansı işləri görüb. Ağır durumda bu işi görmək asan məsələ deyildi. Mən Adil Alahverdiyevin də Azərbaycanda olması təbii ki, bu işlərə təkan vermək üçündür. Amma səhiyyə insanı olaraq deyə bilərəm ki, TƏBİB-də çox böyük işlər görülüb və işlər bu gün də davam etdirilir. Bu qurumda çox ciddi mütəxəssislər toplaşıb. Bunları qoruyub saxlamaq lazımdır. Onların dağılmasına imkan verməli deyilik. Əks halda bu Azərbaycan səhiyyəsinə böyük bir zərbə olacaq. Bunu bir mütəxəssis olaraq söyləyirəm.

- Azərbaycanda səhiyyə sahəsinin inkişafı üçün nə etmək lazımdır?

- Onu bilirəm ki, Azərbaycan səhiyyəsində ciddi islahatlara ehtiyac var. Bu sahənin inkişafı üçün dəqiq işlər aparılmalı və bunu doğru şəkildə etmək lazımdır. Bu gün şəxsən öz institutum adına danışacağam. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu təəssüf ki, uzun illərdən bəri çöküb. İndi bu qurumun vəziyəti olduqca kritikdir. Mən gələndən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin birlikdə rəhbərlik etdiyi qurumun inkişafı üçün birgə səy göstəririk. Hazırda Moskvadayam. Burada özümə məxsus tibbi laboratoriya avadanlıqlarını Bakıya gətirirəm. Rəhbərlik etdiyim Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunu demək olar ki, yenidən qururam. Azərbaycan nə üçün xaricdən vaksin, dərman almalıdır? Bunları hamısını ölkəmiz özü etməlidir. Bunu etmək üçün isə Azərbaycan səhiyyəsinin strateji, çox ciddi radikal layihələri olmalıdır. Əks halda, bu işləri görmək mümkün olmayacaq.

- TƏBİB bunu təkbaşına bacaracaqmı?

- Bunu təkbaşına kimsinə etməsi çox da real görünmür. Bu gün İcrari Tibbi Sığorta, TƏBİB və Səhiyyə Nazirliyi birlikdə iş aparmalıdırlar. Necə ki indi aparırlar. Səhiyyəmizin inkişafı ancaq birlikdə ola bilər. Güc birlikdədir. Medianın da olaylara doğru yanaşmasını istəyərəm. İnsanları qaralamaq, fəaliyyətinə kölgə salmaq olmaz. Azərbaycanda bu cür təşkilatı qurmaq asan məsələ deyil. Hesab edirəm ki, işin başında doğru insanlar olduğu təqdirdə bu problemlər aradan qalxacaq. Müharibəni qazanan bir ölkə, bu işləri də yoluna qoyacaq.

- Adil müəllim, yuxarıda mediadan narazılığınızı dilə gətirdiniz. Bu, nə ilə bağlıdır?

- Əvvala, dünyanın hər yerində pandemiya ilə bağlı vəziyyət necədirsə, Azərbaycanda da elədir. Amma Azərbaycanı başqa ölkələrlə müqayisə etsək, ölkəmizdə vəziyyətin çox-çox yaxşı olduğunu görərik. Bunları görmək lazımdır. Bəzən mediada yazırlar ki, xəstələrin sayını bilərəkdən qaldırır və endirirlər. Baxın, bu sahədə nə qədər işlər görülüb. Görülən işləri qaralamaq olmaz. Tibb işçiləri olaraq infeksiyaya qarşı çox güclü mübarizə aparırıq. Hansı ki, həmin infeksiya bir neçə il əvvəl yox idi. Bu səbəbdən mübarizə də çox çətindir.

- Nədənsə bəzi insanlar tərəfindən vaksinə qarşı hələ də inamsızlıq hökm sürür. Bu, təbliğatla bağlıdır, yoxsa vaksinin təsiri ilə?

- COVID-19-la mübarizə tədbirləri hələ də bəlli deyil. Yəni bu infeksiyaya qarşı mübarizə tədbirləri hələ də araşdırılır və bu yöndə iş gedir. Var olan vaksinlər də təbii ki, xəstəliyi əngəlləyir. Amma 100 faiz əngəlləmir. Niyə əngəlləmir? Çünki hələ də COVID-19-la mübarizdə hər şey tam öyrənilməyib. Bütün dünyada bu belədir. Amma Azərbaycanın bu sahədə gördüyü işləri qətiyən qaralamaq olmaz. Azərbaycan dövləti lazım olan hər şeyi edib və edir də... Ölkələr var ki, vaksin tapa bilmir. Əhalisi vaksin vurdura bilmir. Amma biz insanlarımıza yalvarırıq ki, gəlin, vaksinasiya olunun. Ona görə düşünürəm ki, ölkəmiz bu sahədə də böyük bir təcrübə qazandı. Bundan sonra da bu xəstəliyə qarşı lazımi addımlar atılacaq.

Amid Eyyuboğlu

Tehsil.biz

ƏVVƏLKİ XƏBƏR

Qarabağdakı ermənilər işıqsız qaldı – BÖYÜK QƏZA olub?

SONRAKI XƏBƏR

Ağdamda yol qəzası baş verdi - Xəsarət alan var