Müharibə veteranları Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib

Müharibə veteranları Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib

Sentyabrın 24-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, müharibə veteranları 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirib.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, İkinci Şəhidlər xiyabanını ziyarət edən veteranlar şəhidlərin məzarı üzərinə gül dəstələri qoyub, dualar oxuyublar.

Veteranlar və İkinci Şəhidlər xiyabanını ziyarət edən məktəblilər qarşısında çıxış edən Təşkilatın sədri Fatma Səttarova şəhdilərimizin Vətən müharibəsindəki qəhrəmanlığından danışıb, Azərbaycan xalqının öz igid övladları ilə fəxr etdiyini bildirib. Qeyd edib ki, hər bir fərd vətəninin, torpağının, dövlətinin qədrini bilməli, öz bayrağına, öz prezidentinə daim sadiqlik nümayiş etdirməlidir.

Daha sonra çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsindən, düşmən üzərində əldə edilən tarixi zəfərin önəmindən söz açıb. Vətən müharibəsində qazanılan zəfərin 30 illik erməni işğalına son qoyduğunu vurğulayan Cəlil Xəlilov əsrlər sonra da bu zəfərin qürurla anılacağını, tarixi zəfərin qazanılmasında xidmətləri olan şəxslərin ehtiram hissi ilə yad ediləcəyini bildirib.

Sədr müavini ölkə başçısının BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirəsindəki videoformatda çıxışına da diqqət çəkib. Prezident İlham Əliyevin növbəti dəfə ali tribunadan erməni faşizmini ifşa etdiyini bildirən C.Xəlilov hər bir soydaşımızın dövlət başçısına, onun xalqımızın, dövlətimizin haqq işi uğrunda apardığı mübarizəyə dəstək verməsinin vacib olduğunu söyləyib.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən veteranlar “Əbədi məşəl” abidəsi önünə əkil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıblar.

Mənbə: azertag.az