Güllə yağışından xilas olan məktəblərdə birincilərə hədiyyələr təqdim edildi - FOTO

Yolumuz uzaq olsa da, mənzil başına vaxtında çatmalıydıq. Elə ona görə də Bakıdan alaqaranlıqda yola çıxmışdıq. Axı bu gün məktəblərdə yeni tədris ili başlayırdı. Biz isə “Nar”ın Füzuli rayonunun Aşağı Alxanlı və Aşağı Kürdmahmudlu, eləcə də Tərtər rayonunun Qapanlı və Soyulan kəndlərində bu il məktəbə ilk dəfə qədəm basan birincilərə məktəb ləvazimatlarından ibarət hədiyyələri çatdırmalı idik...

“Nar” Azərbaycanın “Stalinqrad”ında...

“Nar”ın görüş üçün Tərtər rayonunun Qapanlı və Soyulan kəndlərini seçməsi heç də təsadüfi deyildi. Tərtər sakinlərinin həm atəşkəs, həm də müharibə dövründə böyük cəsarət nümayiş etdirərək düşmənlə üz-üzə mərd-mərdanə dayanması erməniləri belə təəccübləndirmişdi. Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan açdığı atəş, göydən yağış kimi yağdırdığı mərmilər dinc sakinləri hədəf alsa da, tərtərlilər evlərini tərk etmədilər. Böyük itkilər versələr də, onlar müharibə dövründə sinələrini düşmənə sipər edərək əsl qəhrəmanlıq göstərdilər. Məhz buna görə 44 günlük Vətən müharibəsi dövründə Tərtər “Azərbaycanın Stalinqradı” adlandırıldı. Bu gün isə qəhrəman şəhərin kiçik sakinləri ilk dəfə idi ki, tam təhlükəsiz şəraitdə məktəbə qədəm basacaqdılar...

Güllələr də susarmış...

Soyulan kənd orta məktəbinə gəlib çatdıq. Məktəbin direktoru Hafizə Mikayılova bizi elə qapıda qarşılayır. Müharibə dövründə məktəbin iki addımlığına düşən mərmi təhsil ocağına zərər vursa da, direktor yeni tədris ilinə qədər məktəbin təmirinin başa çatdırıldığını deyir.

H.Mikayılova dedi ki, sinif müəlliməsi balaca məktəblilərə “Nar”ın onlarla görüşə gələcəyini xəbər verəndən bəri birincilər həvəslə şirkətin nümayəndələrinin yolunu gözləyir: “Tərtər atəşkəs dövründə də, müharibədə də ən çox zərər görən rayonlardandır. Bizim kəndimiz isə 30 ilə yaxın düşmənlə üz-üzə dayanıb. 30 ildə ilk dəfədir ki, bu tədris ilində şagirdlər məktəbə heç bir narahatlıq keçirmədən, atəş səsi eşitmədən gəlirlər. Şagirdlərlə görüş üçün məhz rayonumuzun, vaxtilə cəbhə zonası sayılan kəndlərimizin seçilməsi bizi çox sevindirdi. Buna görə “Nar”a təşəkkürümüzü bildiririk”.

“Nar”dan hədiyyə, böyük sevincə səbəb oldu...

Birincilərin isə sevincini sözlə ifadə etmək mümkün deyildi. Mobil operator adından onlara təqdim edilən çanta, dəftər, rəngli karandaşlar və digər məktəb ləvazimatları onlara elə bil dünyanı bəxş etmişdi. Üstü rəsmli təzə məktəbli çantaları və onların içərisindəki rəngli karandaşlar birincilərin balaca dünyasına sanki daha da rəng qatmışdı. Məsum və gözəl çöhrələrindəki gülüş, gözlərində parlayan sevinc balacaları xoşbəxt etmək üçün hədiyyənin, diqqət və qayğının yetərli olduğundan xəbər verirdi.

“Nar” balacaların rəngli dünyasına rəng qatdı...

Məktəbə ilk qədəmlərini basan balaca Ayan deyir ki, həmişə çəhrayı rəngdə məktəbli çantasının olmasını arzulayıb. Onun böyük ürəyindəki kiçik arzusunu yerinə yetirən “Nar”a təşəkkürünü bildirir: “Sevindim ki, mənim istədiyim rəngdə çantam oldu”, deyə qızcığaz sevinclə dilləndi. Beləcə Soyulan kəndinin 20 şagirdi ilə görüşdən böyük təəssüratla ayrılıb Qapanlı kəndinə yola düşürük. Müharibə dövründə 10-a yaxın mərmi düşən bu məktəbin əsas hissəsi təmir olunaraq yeni dərs ilinə hazır olub.

Məktəbin direktoru Fitat Əliyeva bildirir ki, təkcə təhsil müəssisəsinin həyətinə 8-ə yaxın mərmi düşüb. Daha bir mərmi isə məktəbin idman zalına təsadüf edib. Nəticədə məktəbin binası ciddi zədə alıb.

İllərdir məktəbə rəhbərlik edən F.Əliyeva balaca məktəblilərin görüşünə gəldikləri üçün “Nar” nümayəndələrinə təşəkkür edir: “Biz həmişə qorxu içində dərs keçmişik. Atılan güllələrin sinifdə, məktəbin həyətində hansısa şagirdimizi yaralayacağından narahatlıq keçirmişik. Bu gün biz dərsi heç bir narahatlıq olmadan keçirik. Bu, bizim üçün ən böyük hədiyyədir. Buna görə Ali Baş Komandanımıza və Ordumuza minnətdarıq. Təbii ki, belə bir gündə bizim sevincimizə sevinc qatan, birincilərimizin üzünü güldürən “Nar”a bu xeyirxah missiyasına görə təşəkkür edirik”.

“Nar” nümayəndəsi Əziz Axundov isə birincilərlə görüşüb, hədiyyələri təqdim edərək, onlara yeni tədris ilində uğurlar arzuladı. Görüşdə bildirilib ki, mobil operatorun əsas məqsədi müharibədən zərər çəkmiş təhsil ocaqlarına dəstək olmaqdır. Məlumat verilib ki, Azərbaycanda təhsilə, uşaq və yeniyetmələrin inkişafına hər zaman dəstək olan “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin əhəmiyyətini aşılamaq məqsədilə uğurlu layihələr icra edib.

Hədiyyələrini alan qəhrəman Qapanlının balaca məktəblilərinin sevincinin həddi-hüdudu yox idi. Kimi rəngli çantasını qucağından yerə qoymur, kimi də həyəcanla içində başqa hansı hədiyyələrin olduğunu görmək üçün çantanı ələk-vələk edirdi...

Bu balaca fidanlar axı haradan biləydilər ki, ən böyük xoşbəxtlik sinif otaqlarının pəncərələri atəş səsindən cingildəmədən, mərmi, raket səsindən qorxuya düşmədən dərs keçmələridir. Bu gün ilk dəfə idi ki, Tərtərin müəllimləri sinfə narahatlıq keçirmədən daxil olub, təhlükəsiz şəraitdə dərs keçirdilər... Ona görə də ən böyük təşəkkür elə bu böyük xoşbəxtliyi onlara yaşadan Müzəffər Ordumuza düşür...

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Tərtərə səfər edib (FOTO)

SONRAKI XƏBƏR

Ceyhun Bayramov BMT Baş katibinin terrorla mübarizə üzrə müavini ilə görüşüb