Şəhid və qazi övladlarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub

Şəhid və qazi övladlarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), paytaxtın rayon gənclər və idman idarələri və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin yeniyetmə və gənc övladlarının Hərbi Qənimətlər Parkına tanışlıq ziyarəti təşkil olunub.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları Azərbaycan Ordusunun düşmənin hərbi texnikasını necə darmadağın etdiklərini maraqla izləyiblər.

Burada düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat – hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur. Şəhid və qazi ailələrinin üzvləri gördükləri mənzərədən qürur hissi keçirdiklərini bildiriblər.

Ordumuzun güc və əzəmətinin daha bir göstəricisi olan Hərbi Qənimətlər Parkından qürurverici təəssüratlarla ayrılan gənclər parkın yaradılmasının Vətən müharibəsində “Dəmir yumruq” sayəsində qazanılmış şanlı Zəfərin gələcək nəsillərə ötürülməsində vacib rol oynadığını vurğulayıblar.

Mənbə: azertag.az