Könüllülərin iştirakı ilə Avropa Mobillik Həftəsi çərçivəsində velosiped yürüşü keçirilib

Könüllülərin iştirakı ilə Avropa Mobillik Həftəsi çərçivəsində velosiped yürüşü keçirilib

Azərbaycan könüllülərinin iştirakı ilə Avropa Mobillik Həftəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə “Velosiped sür, sağlam ol” şüarı altında veloyürüş keçirilib.

AKTİ-dən AZƏRTAC-a bildirilib ki, yürüşdə İttifaqın sədri Yusif Vəliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, AKTİ katibliyi, eləcə də İttifaqa üzv könüllü təşkilatlarının rəhbərləri və könüllüləri iştirak ediblər.

Veloyürüşün keçirilməsində məqsəd sağlam həyat tərzini təbliğ etmək, gəncləri alternativ nəqliyyat vasitələrindən istifadə etməyə səsləmək və avtomobillər vasitəsilə atmosferə atılan zərərli qazların azalmasına töhfə verərək paytaxtımızın hava keyfiyyətini yaxşılaşdırmaqdır.

Hər il bu vaxt dünyanın əksər ölkələrində təşkil edilən “Avtomobilsiz küçələr” günündə insanlar daha çox piyada gəzməyə və velosiped sürməyə üstünlük verirlər.

Qeyd edək ki, həftə çərçivəsində Azərbaycan könüllüləri Bakıda həyata keçirilən müxtəlif aksiyalarda yaxından iştirak edərək paytaxt sakinlərini maarfiləndiriblər. Yürüşdən sonra keçirilən bağlanış mərasimində iştirakçı könüllülər rəsmilər tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.

Mənbə: azertag.az