Vətən müharibəsi şəhidlərinin xatirəsi İstanbulda anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi İstanbulda anılıb

 

İstanbul, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü və təşkilatçılığı, Sarıyer Bələdiyyəsinin dəstəyi ilə keçirilən mərasim hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, TADEF-in sədri Ədalət Turan və digərləri mərasimdə çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin bütün Türk dünyasının bayramı kimi qiymətləndiriblər. Bildirilib ki, bütün dünya üçün nümunə olan Qarabağ Zəfəri Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, Ordumuzun peşəkarlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olundu. Bu böyük Zəfər həm də xalq-dövlət-ordu birliyinin ən gözəl nümunəsidir.

Çıxışlarda əsrlərə söykənən Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə əminlik ifadə olunub.

Sonda Azərbaycanın dövlət bayrağı rənglərində şarlar havaya buraxılıb.

Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Sarıyer Bələdiyyəsinin əməkdaşları, TADEF və qardaş ölkədə fəaliyyət görən digər ictimai birliklərin nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az