Şəhidləri yaşatmaq üçün: Adlarının əbədiləşdirilməsinə ehtiyac var

Şəhidləri yaşatmaq üçün: Adlarının əbədiləşdirilməsinə ehtiyac var

1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.

Nazirlər Kabinetinin 1994-cü ilin yanvarın 15-dəki 10 saylı qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” təsdiqlənib. Bu qaydalara əsasən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsini əbədi yaşatmaq üçün abidələr qoyulur, küçələr, təhsil aldıqları məktəblər onların adı ilə adlandırılır, parklar salınır. Lakin hələ də adı əbədiləşdirilməyən şəhidlərimiz var ki, ailələri onlarla bağlı məsələnin də diqqət mərkəzində olmasını arzulayır.

Ən azından doğulduqları kənd və ya şəhərdə küçələrdən birinin şəhidin adı ilə adlandırılması, oxuduğu məktəbə, yaxud başqa bir təhsil müssisəsinə onun adının verilməsi, barelyefinin vurulması təklifləri irəli sürülür.

1992-ci ildə Ağdamın Əliağalı kəndi istiqamətində kəşfiyyat əməliyyatı zamanı şəhid olan Yolçuyev Nurəddin Novruz oğlunun qardaşı Qüdrət Yolçuyev Cebhe.info-ya bildirib ki, həm öz qardaşının , həm də digər şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün dövlətin lazımlı tədbirlər görəcəyinə ümidlidir:

“Qardaşım Yolçuyev Nurəddin Novruz oğlu 1992-ci ildə şəhid olub. O, Rusiyada yaşayırdı, könüllü gəlib vətənimiz uğrunda döyüşə getmişdi. Bizim bundan sonradan xəbərimiz olmuşdu. Ailədə 10 uşaq olmuşuq, atamız Böyük Vətən Müharibəsi iştirakçısı olub, bu vətənə həmişə fayda vermək üçün çalışmışıq. Qardaşım tabor komandiri Ərşad Nadirovla birgə döyüşüb. O vaxt qardaşımın bütün sənədlərini, yoldaşlarının onun haqqında yazdıqlarını və təqdimatı Müdafiə Nazirliyinə verdim, amma nə qədər gözləsəm də, bir xəbər çıxmadı.

Son dövrlərdə ölkə Prezidentinin şəhid ailələrinə göstərdiyi qayğıdan sonra fikirləşdim ki, şəhidlərimizin adını əbədiləşdirmək lazımdır. Bununla bağlı Ağdam rayonu Quzanlı bələdiyyəsi ilə danışdım və fikrimi onlara da bildirdim. Onlar mənə kəndin mərkəzi yerində qardaşımın adına bulaq qoyula biləcəyini dedilər. Ümumiyyətlə, bütün şəhidlərimiz üçün doğulduqları yerdə bir abidə qoyub, adlarını əbədiləşdirmək lazımdır . Bu, bulaq da, evinin qarşısında barelyef də ola bilər . Həmçinin küçələrə şəhidlərimizin adını vermək mümkündür. Amma bu, bizim edə biləcəyimiz məsələ deyil, dövlət səviyyəsində həll olunmalıdır”.

Səyad Həsənli
Cebhe.info

 

Mənbə: cebhe.info