Şəhid olsam, başını dik tut, ana - FOTO

Torpaqlarımızı düşməndən təmizləyə-təmizləyə irəliləyirik. Əgər şəhid olsam, başını dik tut. Mən şəhadətə gülə-gülə gedəcəyəm, sən də dərddən əyilmə. Düşmən kədərini, əyildiyini görüb sevinməsin.

Bunları şəhid Feyruz Tarverdiyev döyüşlərdə olarkən anası Məhbubə xanımla telefon danışıqları zamanı deyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tarverdiyev Feyruz İslam oğlu 1996-cı il iyulun 22-də Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Ailədə üç qardaş olublar. Feyruz evin sonbeşiyi imiş. Feyruz düşmənlə döyüşlərdən iki müxtəlif vaxtda qalib ayrılıb. Feyruza ikinci və sonuncu qalibiyyət şəhidliyindən sonra qismət olub. Silahdaşları Feyruzun qanını almaqla yanaşı, onun ruhunu Qələbə ilə şad etdilər.

Aprel döyüşləri başlayanda Feyruz 6 ay idi ki, həqiqi hərbi xidmətdə idi. Atıcılığı sərrast olduğundan həmin döyüşlərdə snayper kimi iştirak edib. Döyüşlər zamanı ağciyərlərindən və ağzından zədə də alıb. Qazanılan Qələbə gənc hərbi qulluqçunu daha da ruhlandırır. O, da düşmənlə həlledici döyüşlərin başlamasını səbirsizliklə gözləyənlər sırasında idi.

Şəhidin anası deyib: "Feyruz qorxmaz, qabiliyyətli, cəsarətli, qayğıkeş, mehriban övlad idi. Oğlan olmasına baxmayaraq, mənə hər işdə əl tutmağa çalışırdı. Hələ orta məktəbdə oxuyanda deyirdi ki, "ana, bir az böyüyüm səni işləməyə qoymayacağam, təzə ev tikdirəcəyəm, səni xan qızı kimi yaşadacağam". Ataları dünyasını dəyişəndə Feyruzun 12 yaşı var idi. Üç qardaş zəhmətə alışaraq böyüyüblər. Onların üçü də bir-birinə çox bağlı idi. Feyruzun yoxluğunu qardaşları da qəbul edə bilmirlər.

Hərbi xidmət dövründə də bacarıqlı və nizam-intizamlı hərbi qulluqçu olduğundan müsbət xidməti xasiyyətnamə və tərifnamə ilə təltif olunmuşdu. Feyruz hər zaman torpaqların düşmən tapdağından xilas edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak etmək arzusunda olub. Hər zaman mənə deyirdi ki, əmr gəlsin, mən də öndə gedənlərdən biri olacağam. Onlar Azərbaycan əsgərinin gücünə bir neçə dəfə şahid olublar. Amma əsas döyüş olanda onlara elə bir dərs keçəcəyik ki, ömrü boyu unutmayacaqlar. Mən bilirdim ki, döyüşlər olsa, Feyruz ön cəbhəyə birinci gedənlər sırasında olacaq. Belə də oldu. Müharibə başlayanda heç tərəddüd etmədən ön cəbhəyə yollandı. Vətən müharibəsində də snayper kimi iştirak edirdi. Danışırdıq imkan olduqca, deyirdi ki, "Xocavənddəyəm. Hər şey yaxşıdır, narahat olmayın. Torpaqlarımızı təmizləyə-təmizləyə irəliləyirik". Son danışıqların birində Şuşaya doğru irəlilədiklərini bildim, mənə dedi "şəhid olsam, başını dik tut". Çox pis oldum, dedim ki, mən səni qalib əsgər kimi sağ-salamat gözləyirəm. Son dəfə oktyabrın 26-da Feyruzun səsini eşitdim. Onda da "Ana, mən yaxşıyam. Lap az qalıb, tezliklə Qələbə bizim olacaq" dedi. Ondan sonra əlaqə kəsildi. Narahat olurdum. Qardaşları məni sakitləşdirirdilər ki, yəqin telefonun şəbəkəsi tutmur. Noyabrın 8-də Şuşanın alınmasını hər kəs bayram edirdi. Sevinirdim ki, daha müharibə bitir, Feyruz sağ-salamat gələcək. Həmin gün Feyruzun zəngini gözlədim. Nə həmin gün, nə də Qələbə elan olunandan sonra Feyruzdan səs-soraq gəlmədi. Narahatlığım daha da artdı. Bir ümidlə oğlumu axtarmağa başladım. Feyruzu itkin kimi qeydə almışdılar. Yenə də ağlıma pis nəsə gətirməməyə çalışırdım. Lakin noyabrın 30-da Feyruzun nəşi gətirildi. Onda dərk etdim ki, oğlum həyatda yoxdur. Feyruz noyabrın 6-da Xocavənddə yaxınlığına minaatan mərmisinin düşməsi nəticəsində qəlpə yarası alaraq şəhid olubmuş. Feyruzun yoxluğuna dözmək çox çətindir. Lakin onunla fəxr edirəm, vəsiyyətinə uyğun olaraq başımı dik tuturam. Düşmən də görsün ki, Azərbaycan qadını igid balasını cavan yaşda Vətən uğrunda qurban versə də, mətanətini itirmir".

Qeyd edək ki, Feyruz Tarverdiyev ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Aquero: "Ronaldo Messidən daha yaxşı hücumçudur"

SONRAKI XƏBƏR

"Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR