Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTO

Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTO

Çində kiçik bir onlayn mağazanın sahibi ölümcül xəstə oğlunun müalicəsi üçün kimyanı öyrənməyə və genetik araşdırmalara başlayıb.

Yunnan əyalətinin Kunmin şəhərindən olan Syuy Veyin bir yaşlı oğluna Menkes xəstəliyi diaqnozu qoyulub. Belə hallarda ömür müddəti üç ildən çox olmur. Eksperimental klinikada müalicə xeyir eləmədiyi, həmçinin Çində müalicə üçün əhəmiyyətli olan mis histidin əldə edə bilmədiyi (pandemiyanın yaratdığı məhdudiyyətlərə görə onun xaricdən gətirilməsi də mümkün olmur) üçün orta məktəb təhsili olan Vey dərmanı özü hazırlamaq qərarına gəlir.

O, müstəqil şəkildə kimyanı öyrənməyə başlayır. Məlumatları isə ABŞ-ın elmi jurnallarından götürür. Bundan başqa bir neçə universitetdə ictimai kurslara yazılır və farmasevtliyi öyrənməyə başlayır.

Tezliklə o, mənzilində 3100 dollara kimyəvi laboratoriya qurur və dərman hazırlamağa başlayır.

O, mis histidi əldə etdikdən sonra komponenti dovşanların, ardınca isə öz üzərində sınayıb, təhlükəsizliyinə əmin olduqdan sonra isə oğluna vurub. Daha sonra o, oğlunu xəstəxanaya analizlər üçün aparıb.

Bir müddət sonra Syuy Vey Menkes xəstəliyində yardımı görünən daha bir preparat – elesklomol hazırlayır və əvvəl dovşanlarda, sonra isə özündə sınaqdan keçirdir.

“Dərman oğlumu sağaltmasa da, halının pisləşməsinin qarşısını aldı”, - deyə ata bildirib.

Qeyd edək ki, Veyin oğlu sərbəst hərəkət edə, danışa bilmir, ancaq duru yemək yeyir. Bununla belə onu güldürəndə gülür. Syuy Vey genetika sahəsində tədqiqatların oğlunu sağaldacağına ümid edir. Hazırda kişi genetik mühəndisliyi öyrənmək üçün unievrsitetə hazırlaşır.

“Hesab edirəm ki, bütün çətinliklərin öhdəsindən gəlmək olar və ümid edirəm ki, oğlum düzələcək. Mən sadəcə əlimdən gələni etməliyəm”, - deyə kişi bildirib.

Yerli Səhiyyə qurumundan bildirilib ki, Syuy Vey dərmanı ancaq öz oğlu üçün istehsal etdiyi müddətdə və onu üçüncü şəxsə satmadığı halda hökumət onu məsuliyyətə cəlb etməyəcək

Mənbə: “South China Morning Post”

Mənbə: www.oxu.az