Bakı Zooloji Parkın direktoru: “Həftəsonu ziyarətə gəlməyin”

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

KONKRET.az xəbər verir ki, təxminən, 4 il davam edən təmir yenidənqurma işləri zamanı Bakı Zooloji Parkının ərazisi iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.
Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

 

Bakı Zooloji Parkına giriş biletlərinin qiyməti uşaqlar, məktəblilər, tələbələr üçün 2 manat, böyüklər üçün 5 manat, xarici vətəndaşlar üçün 10 manat təşkil edir.

Təmirdən sonra insanlarda zooparka böyük maraq var. Bunu hər gün sosial şəbəkələrdə paylaşılan fotolardan da görürük. Parka giriş üçün növbəyə duran insanların arasında isə pandemiya qaydalarına riayət olunmadığı, ara məsafəsinin gözlənilmədiyi görülür.

Maraqlıdır, gün ərzində zooparkı nə qədər ziyarətçi gəlir?

Cebhe.info-ya açıqlamasında Bakı Zooloji Parkının direktoru Azər Hüseynov bildirib ki, həftəsonu zooparka hədsiz sayda ziyarətçi gəlib.

O, sıxlığın qarşısının alınması üçün, hətta çıxış yolu axtardıqlarını deyib:

“Məndə ziyarətçilər haqqında statistika yoxdur. Karantinə görə hər kəs evdə oturmuşdu, uşaqlar heç bir əyləncə mərkəzlərinə gedə bilmirdi. İndi həm məhdudiyyətlər aradan qalxıb, həm də zoopark yenilənib.Ona görə də hər kəs gəlib bu yeniliyi gözüylə görmək istəyir. Amma bu dərəcdə olmamalıdır. Dünən Şəhər və Rayon İcra Hakimiyyətinin işçiləri, Çevik Polis Alayı bizə köməyə gəliblər. Təsəvvür edin ki, burada nə qədər qurum nümayəndələri iştirak ediblər ki, qaydalara riayət olunsun. Həftəsonu bu cür sıxlığın yaranmaması üçün nə edəcəyimizi düşünürük.Hesab edirəm, bu həftəsonuna bunun təkrarlanmaması üçün nəsə bir tədbir görəcəyik. Uzun illərdi burada işləyirəm, amma belə vəziyyət heç vaxt görməmişəm. Düşünsəydik ki, belə olacaq, bəlkə, nəsə bir şey fikirləşə bilərdik”.

Parkın direktoru sıxlığın qarşısının alınması üçün hələlik hansı metodun istifadə olunacağını bilmədiyini deyib.

Bu mövzuyla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin də, özlərinin də düşündüyünü deyən, Azər Hüseynov bununla bağlı şəhər sakinlərinə də müraciət edib:

“Həftə içi elə sıxlıq olmur. Mən özüm dost-tanışa, qohumlara deyirəm, xahiş edirəm ki, həftəsonu ziyarətə gəlməyin. Məktəblər, bağçalar uşaqları həftəsonu yox, həftəiçi gətirsinlər zooparka. Axı biz istəmirik insanlar xəstələnsinlər, yoluxsunlar”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım etdi - FOTO

SONRAKI XƏBƏR

Almaniyada psixi xəstə iki azərbaycanlıya hücum etdi