Gənc xanımların işə qəbul elanlarının arxasında nələr dayanır? - ARAŞDIRMA

Gənc xanımların işə qəbul elanlarının arxasında nələr dayanır? - ARAŞDIRMA

Keçmişdən bu günə qədər qadınlar bir çox səbəbdən əmək bazarına girirlər. Yaşamaq çox çətindir və insanlar bir çox maneələrlə üzləşir. İnkişaf səviyyəsinə görə fərqliliklər olsa da, dünyanın bir çox ölkələrində qarşılaşılan maneələr oxşardır. Ölkənin inkişaf səviyyəsi, sosial və iqtisadi quruluşu və bazara girəcək qadının ixtisaslı olub-olmaması önəmli məqamlardandır.

Heç düşünmüsünüzmü ki, bəzi iş elanları niyə qadın kadrlar axtarır? Birinci səbəb qadınların bir obyekt olaraq sui-istifadə edilməsinə əsaslanır. Məsələn, iş satış-marketinq işidir. Bəzən bu işdə çalışacaq qadından qısa ətək geyinməsi tələb olunur. Burada məqsəd qadınlıq xüsusiyyətlərindən istifadə edərək satış həcmini artırmaqdır.

Eyni vəziyyət müştəri nümayəndəsi (Çağrı Mərkəzi) vəzifələrində də yaşanır. Bu şirkətlər ümumiyyətlə qadın işçilər istəyir. Bunun yeganə səbəbi qadın səsi ilə qarşı tərəfi təsirləndirmək, sakitləşdirmək, inandırmaq və qarışdırmaqdır.

Cəmiyyətdə nifrət edilən təmizlik, qab -qacaq, çay və şorba kimi işlərə yalnız və yalnız qadın rəva bilindiyi üçün “Ofis köməkçisi” adı ilə qadın işçi axtaran insanları görmək daha çox mümkündür.

Digər bir səbəb isə qadınlara söz keçirmək daha asandır deyə düşünürlər. Qadınlar genetik olaraq daha kövrək, daha zəif və incə quruluşa sahib olduqları üçün şanslıdırlar. Bu səbəbdən, yalnız qadınlara gücü çatan, təhsilsiz kişilərdəki bu primitiv üstünlük zaman -zaman gizli motivlərə çevrilə bilər. Daha asan istismar etmək üçün qadın işçilər axtarırlar. Təəssüf ki, pis niyyətli, qadınları bəhanə sayan, qadını cinsi bir obyekt olaraq görən və hər cür pozğunluqları xəyal edənlərin sayı kifayət qədər çoxdur.

Türkiyənin Torbalı, Kocaeli və Çanaqqala bölgələrində həyat yoldaşları ölən, kimsəsiz və möhtac qadınları toplayaraq işə götürən Sürətli İstehsal Fabrikləri var. Bu fabriklərdə yalnız qadın işçilər seçilir. Onlar təmizlik, qabyuyan və istehsalçı kimi işlərdə minimum əmək haqqı üçün çalışırlar. Eyni zamanda, bu vəziyyətdə olan qadınlar ümumiyyətlə xəstəxanalarda baxıcı və otellərdə döşəmə təmizləyici olaraq çalışırlar.

İşlərdə və peşələrdə ayrı-seçkilik mağara mədəniyyətidir. Bu Yaxın Şərq ənənəsidir. Bir cəmiyyətdə kişilər qadınların etdiklərini, qadınlar da kişilərin etdiklərini çox asanlıqla edə bilərlər. Önəmli olan, önyargı və ayrı-seçkilik etmədən lazımi təhsili təmin edə bilməkdir.

Ümumiyyətlə, qadınlar satış və marketinq şöbələrində maraq obyekti kimi istifadə olunur.

Cinsiyyət, kişilər və qadınlar üçün sosial olaraq qurulmuş və öyrənilmiş, qadınlar və kişilər üçün gözləntiləri və davranış və fəaliyyətləri ifadə edən bir anlayışdır.

Çalışmaq, iş və ailə kimi görünən ayrı anlayışları balanslaşdırmaq lazımdır. Çünki cəmiyyətin təyin etdiyi kişi qaydaları və rolları çərçivəsində hərəkət etməyən qadınlar qaydalara tabe olmaq məcburiyyətində qalırlar və ya cəmiyyətdən kənarda qalırlar.

Qadınların çalışmasının bir çox ölkənin inkişafına təsiri vacibdir. Əmək bazarında olan qadınlar və onların qarşılaşdıqları maneələrin ardı-arası kəsilmir.

İnsanlıq yarandıqdan bəri qadınlar iş həyatında kölə və ya usta şagirdi kimi çalışırlar. Qadınların iş həyatına girmələri 18-ci əsrin sonlarına təsadüf edir. 20-ci əsrin birinci onilliyində yüksək rəhbər vəzifələrin 20% -ni qadınlar təşkil edirdi. 1970-ci illərdən etibarən qadınların beynəlxalq işçi qüvvəsindəki payı əhəmiyyətli dərəcədə artdı. Bu qadınların iqtisadi aktivlik nisbətlərinin artmasına səbəb oldu. Müasir mənada qadınların muzdlu işçi statusu alaraq iş həyatına girməsi sənaye inqilabıdır. Sənaye inqilabı ilə birlikdə istehsalın təşkilinə ehtiyac yarandı və aşağı əmək haqqı ilə işləyə biləcək işçi ehtiyacı ən əhəmiyyətli faktor oldu.

İş həyatında gender bərabərsizliyinin ən əhəmiyyətli göstəricilərindən biri, kişilərin hazırladığı bir dünyada qadınların ehtiyac duyduğu infrastrukturun olmamasıdır. Sosial bərabərlik mövzusunda hədəflərə çatmaq üçün qurumların infrastruktur dəyişikliklərinə ehtiyacı var.

SİA niyə iş yerlərində qadınlara üstünlük verilməsi ilə bağlı araşdırma apararaq sosioloq və psixoloqların məsələ ilə bağlı fikirlərini öyrənib.

Psixoloq Mahuxanım Teymurova: “Qadınların işə tələb olunmasının əsas səbəblərindən biri xarici görünüşdür. Xarici görünüşü gözəl olan qadınlar daha tez işlə təmin olunurlar.Yəni iş sahibi olmaqda, digər insanlardan bir addım öndədirlər. Bunun səbəbi də vizual olaraq gözəlliyin insana xoş təəssürat bağışlamasıdır.

Bununla yanaşı qadınlar daha emosional varlıqlar olduğu üçün bir mövzu, məhsul haqqında ətraflı danışa bilirlər. Kişilərdə isə bu belə deyil. Məsələn: qadın bir gününü tam ətraflı danışdığı halda, kişilər sadəcə qısa konkret olaraq günün necə keçdiyini danışırlar. Bu xüsusiyyət də qadınların işə tələb olunmasının digər səbəblərindən biridir. Bunlarla yanaşı alıcının çoxu qadın olduğu üçün qadın satıcıya üstünlük verirlər. Çünki qadınlar bir-birinin nəyə ehtiyyacı olduğunu, nələrin daha çox istifadə olunduğunu, geyinildiyini daha yaxşı anlayırlar. Qadının qadınla empatiya qurması daha yaxşı olduğu üçün də qadınlar bir-birilərini daha yaxşı anlayırlar”.

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı: “Bəzən görünüşünə görə qadın işçi tələb olunur. Xidmət sektorunda adətən qadın işçi axtarırlar. Bu bir növ marketinq siyasəti kimi, yəni qadın ofisiant və ya qadın dəzgahdar olanda daha çox müştəri cəlb edəcəyini düşünürlər. Bir səbəbi budur.

Başqa bir səbəbi də odur ki, qadınlar daha az maaşa qane olurlar. Çünki ailə başçısı 300-500 manata işləyəndə ailəsinə baxa, onu dolandıra bilmir. Amma ailə başçısı başqa işdə işləyirsə, bununla bərabər evin xanımı da ailə büdcəsinə kömək etmək məqsədilə işləyirsə, o 300-500 manata qane olur. Çünki evə xanımın maaşından əlavə başqa maaş da gəlir. Yəni xərclərini tam ödəməsə də müəyyən dərəcədə qane olaraq razılaşır.

Bir səbəbi də o ola bilər ki, qadınları idarə etmək daha asandır nəinki kişi işçiləri. Kişi işçilər adətən davaya, aqressiyaya qarşı meylli olurlar. Tutalım, onları idarə etmək, göstəriş vermək nisbətən problemli olur. Amma qadın işçilər sakit, başıaşağı, yəni üzüyola olurlar. Bu baxımdan da qadınları idarə etmək məqsədilə qadın işçi tələbatı daha çoxdur”.

Sosioloq Əhməd Qəşəmoğlu: “Bu sual ətrafında ölkəmizdə tez-tez neqativ fikirlər yaranır. İnsanlar düşünür ki, qadın işçi axtarılmasının səbəbi qadınlardan sui-istifadə və yaxud başqa pis məqsədlər üçün istifadə etməkdir. Çox təəssüf ki, bu hallar da var. Müəyyən qism adamlar sırf bu məqsədlə qadın işçi axtarırlar. Lakin, böyük bir qrupa da həqiqi olaraq qadın işçi lazımdır. Çünki, elə işlər var ki, o sırf qadın üçündür. Ofislərdə çox vaxt elə işlər olur ki, o qadın əməyi tələb edir. Burada qeyri-adi səbəblər axtarmaq lazım deyil.

Kişilər özləri kifayət qədər fəaldırlar. Onlar harada imkan varsa, əlaqə yaradaraq o iş yerlərini tapırlar. Digər bir məsələ isə son illər xanımlar iş sahəsində daha fəal olublar. Hal-hazırda mənim əlaçı tələbələrimin 80 faizi qızdır.

Həmçinin, qadınlar işə daha məsuliyyətli yanaşırlar. Kişilər daha çox gəlirli işlərə meyillidirlər. Amma, ofis işlərində qadınlar daha çox diqqətli olub bu işin öhtəsindən gəlirlər.

Ölkədə son 30-40 ildə elə bir xaotik dövr yarandı ki, oğlan uşaqlarımızda hadisələrə bir qədər etinasız münasibət faktoru gücləndi. Neqativ hallar da var. Amma bu bütün elanlara aid deyil”.

Şəhər sakinləri də məsələyə öz münasibətini bildirib:

Şəhər sakini Aqil Qarazadə: “Şəhərdə yaşayıram. İş axtarıram və hər yerdə yazılır ki, qadın işçi axtarılır. Heç bir yerdə kişi işçinin axtarıldığı yazılmır. Həmişə xanım, xanım. Bu yanlış məşğulluq forması kişiləri işsiz qoyur. Bunun səbəbi qadınların özləri haqqında düşünmələri və empatiya qura bilməmələridir”.

Şəhər sakini Fehruz Rzayev: “Qadınlar ağır, riskli işlərdə işləmək istəmirlər. İstədikləri tək şey masa, rahat və asan bir işdir. Özlərini kişilərdən üstün hesab edirlər. Belə bir məşğulluq forması kişiləri işsiz qoyur. Qadınlar inşaat, gəmiqayırma və mədənlərdə də işləməlidir. Yük maşını sürücüsü, avtobus sürücüsü, küçə süpürgəçisi kimi işlərdə də işləməlidir. Kişilər bunları etməməlidir”.

Şəhər sakini Aliyə Sadıxova: “Bir kafe var. Kafedə həmişə elan qoyulur ki, “qadın işki axtarılır”. Ofisiantların hamısı yüksək maaşlı qadınlardır. Bir nəfər də kişi yoxdur. Bu kişilərə qarşı ayrı-seçkilikdir, cinsiyyətçilikdir. Ən pisi də budur ki, kişi müdirlər belə olmasını istəyirlər. İnsanın ən pis düşməni yenə insandır”.

Şəhər sakini Banu Hüseynli: “Dekolte və mini ətək üçün qadın işçi axtarırlar. İşəgötürənlərimiz (kişilər) çox əxlaqlı olduqları üçün kişi işçilər axtarmırlar. Qəşəng geyinən və özlərinə qulluq edən cazibədar və istedadlı qadın işçilər axtarırlar.

Kişilər iş həyatında maddi problemlərə daha çox meyllidirlər, maaşım çatmır və s. Məsələn, qadınlar əldə etdiyi gəlirlə necə məşğul olmağı bilirlər, üstəlik, onları kişi işçilərdən daha asan idarə edə bilirlər. Buna görə də işəgötürən haqlı olaraq qadın işçilərini üstün tutur. Əks halda maaş, maliyyə problemləri və s. olur”.

Ayşən Vəli

Mənbə: sia.az