Beyləqan rayonunda şəhid ailələri ziyarət olunub

Beyləqan rayonunda şəhid ailələri ziyarət olunub

Beyləqan, 19 oktyabr, AZƏRTAC

Beyləqan rayonunun Şəfəq qəsəbəsində və İkinci Şahsevən kəndində Vətən müharibəsi şəhidləri Əlizadə Toğrul Rafiq oğlunun, Əliyev Elşən Novruz oğlunun və Teymurov Mansur Elnur oğlunun anım mərasimləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Məclis sədrinin müavini Adil Əliyev, deputat Şahin İsmayılov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidlərin məzarlarını ziyarət edib, qəhrəman vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhid ailələri ilə keçirilən görüşdə 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan şərəfli ömür yolundan danışılıb, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək vəzifə borcunu ləyaqət və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümlərindən sonra təltif olunmuş şəhidlərin medalları onların atalarına təqdim edilib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az